03 sentyabr 2025 22:57
133

Azərbaycanın Milli Qəhrəmanı yad olunub

Vətən torpaqlarının azadlığı uğrunda hünər göstərib adını tarixə yazan, dağlar diyar Lerikin qartal balası, Azərbaycanın Milli Qəhrəmanı Valeh Əlizaid oğlu Müslümov yaşasaydı, 57 yaşı tamam olacaqdı. Qaldı ki, xalq məhəbbəti, Vətən sevgisi ona elə bir müqəddəslik bəxş edib ki, cismən aramızda olmasa da, mənən milyonların qəlbində yaşayır. Heç vaxt unudulmur, adı böyük qürurla və iftixarla çəkilir. Doğum günüdə rayon sakinləri tərəfindən məzarı ziyarət edildi, önünə gül-çiçək dəstələri düzməklə əziz xatirəsi ehtiramla anıldı.

Ürəyi Vətən sevdalı Valeh Müslümov dağların döşünə sığınan Lerik şəhərində dünyaya gəlib. 1975-ci ildə 2 saylı Lerik rayon orta məktəbinin birinci sinfinə getmiş, 1983-cü ildə 2 saylı məktəbin səkkizinci sinfini bitirib Sumqayıt şəhər 17 saylı texniki-peşə məktəbində dülgər ixtisasına yiyələnib. İki il tikinti sahəsində çalışıb. 1986-cı ildə ordu sıralarına çağırılıb. 1988-ci ildə hərbi qulluqdan tərxis olunub və Sumqayıta qayıdıb. Vətən torpaqlarının erməni quldurları tərəfindən ədalətsiz işğalına dözə bilməyərək, 1991-ci ilin avqust ayından Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayıb. Şuşa, Xocalı, Tovuz və Qubadlıda keçirilən döyüş əməliyyatlarında fəal iştirak edib, yağıya qarşı mərdliklə vuruşub. Həyatı bahasına riskə gedərək Füzuli rayonu ərazisində erməni quldurlarının mühasirəsində olan Azərbaycan məxsus cəsədləri çıxardıb.

1992-ci ilin aprel ayının 10-u erməni quldurları xeyli texnika və canlı qüvvə hesabına Marquşevana hücuma keçib. Valeh öz dəstəsi ilə ilk olaraq ağır döyüşə girib. O, həm düşmənlə vuruşub, həm də yaralı dostlarını döyüş meydanından təhlükəsiz yerə aparıb. Bu qeyri-bərabər savaşda Valeh yaralanıb. Buna baxmayaraq 11 nəfər yaralı döyüşçünü ölümün pəncəsindən xilas edib. Əfsus ki, özü düşmən gülləsinə tuş gəlib.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı əsasında Valeh Əlizaid oğlu Müslümova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Təhsil aldığı Lerik şəhərindəki 2 saylı orta məktəb onun adını daşıyır.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü