Külək turbinlərinin istehsalı üzrə ixtisaslaşmış Çinin “Envision Energy” şirkəti və Türkiyənin “Mensis Enerji” enerji şirkəti Türkiyədə irimiqyaslı külək enerjisi layihəsinin gerçəkləşdirilməsi çərçivəsində əməkdaşlıq haqda sziş bağlayıblar.
“İki sahil” “Envision Energy”ə istinadən xəbər verir ki, tərəflər birgə şəkildə ümumilikdə 4,5Qvt gücü olan layihəni inkişaf etdirməyi planlaşdırırlar.
Əldə olunan məlumata görə, tərəfdaşlıq təmiz texnologiyalar sahəsində qlobal təcrübəni və yerli bazar üzrə dərin bilikləri birləşdirir. Layihənin həyata keçirilməsinin davamlı külək enerjisinin inkişafını sürətləndirəcəyi, yeni iqtisadi imkanlar və iş yerləri yaradacağı, Türkiyənin enerji infrastrukturunu möhkəmləndirəcəyi, həmçinin, 2035-ci ilə qədər ekoloji cəhətdən təmiz enerjiyə keçid üzrə milli hədəflərə nail olunmasına töhfə verəcəyi gözlənirlir.
Qeyd edək ki, 2024-cü ilin sonuna olan göstəriciyə əsasən, Türkiyədə külək və günəş enerjisinin ümumi quraşdırılmış gücü təqribən 32 QVt təşkil edirdi. 2030-cu ilə qədər bu gücün 51 QVt-a, 2035-ci ilə isə təxminən 120 QVt-a çatdırılacağı gözlənilir ki, bu da mövcud göstəricilərdən demək olar dörd dəfə çoxdur.
Başqa sözlə, 2030-cu il hədəfinə nail olmaq üçün hər il orta hesabla 3,1 QVt gücündə külək və günəş elektrik stansiyalarının istifadəyə verilməsi tələb olunur. 2030-cu ildən sonra artım tempi əhəmiyyətli dərəcədə sürətlənməli – ildə orta hesabla 13,8 QVt-a çatmalıdır ki, 2035-ci il üçün müəyyən edilmiş iddialı hədəf reallaşdırılsın. Belə kəskin artım yaxın illərdə fəal addımlar atılmasını, həmçinin 2030-cu il üçün nəzərdə tutulan hədəflərin qaldırılmasının nəzərdən keçirilməsini tələb edir.