Bakı şəhəri 11-17 oktyabr tarixlərində Bakı şəhəri beynəlxalq hüquq ictimaiyyətinin diqqət mərkəzində olacaq. Bu tarixlərdə Azərbaycan paytaxtı Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Associationof Judges) 67-ci Baş Assambleyasına ev sahibliyi edəcək.
Bu barədə "İki sahil"ə Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, 1953-cü ildə təsis olunmuş və əsas fəaliyyəti dünyada məhkəmə hakimiyyətlərinin müstəqilliyinin qorunub saxlanması olan və öz ətrafında dünyanın 93 ölkəsinin hakimlər birliklərini birləşdirən Beynəlxalq Hakimlər Assosiasiyası illik toplantılarını yalnız qanunun aliliyinin, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunduğu ölkələrdə keçirir.
Ölkəmizə, eləcə də son illər həyata keçirilmiş məhkəmə-hüquq islahatlarına olan maraq səbəbindən cari ilin oktyabr ayında Bakıda keçiriləcək bu mötəbər tədbirə 71 ölkədən 300-ə yaxın nümayəndənin, o cümlədən hakimlərin, beynəlxalq təşkilatlardan olan nümayəndələrin və tanınmış ekspertlərin qatılacağı gözlənilir.
Baş Assambleya çərçivəsində qurumun idarəetmə orqanlarına seçkilərin keçirilməsi, müxtəlif dövlətlərin məhkəmə-hüquq sistemindəki vəziyyət, mövcud problemlər və müsbət təcrübələrə dair müzakirələrin aparılması, həmçinin ev sahibi olaraq Azərbaycanın məhkəmə-hüquq sistemi ilə tanışlığın keçirilməsi nəzərdə tutulub.
Tədbir çərçivəsində, həmçinin "Məhkəmə hakimiyyəti və digər hakimiyyət qolları arasındakı münasibətlər" mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir. Konfransda qanunun aliliyinin təmin olunmasında məhkəmələrin rolu geniş şəkildə təhlil olunacaq. Tədbirlə bağlı bütün məlumatlar 4 dildə hazırlanmış www.iaj2025.com səhifəsində yerləşdirilmişdir.
Eyni zamanda Beynəlxalq Hakimlər Assosiasiyasının növbəti prezidenti də məhz Bakıda keçiriləcək seçki yolu ilə müəyyən olunacaq. Bu, tədbirin beynəlxalq əhəmiyyətini daha da artırır və Azərbaycanda keçirilən Assambleyanı təşkilatın tarixində mühüm mərhələyə çevirir.
Xatırladaq ki, Baş Assambleyanın 2025-ci ildə Bakıda keçirilməsi ilə bağlı qərar təşkilat üzvlərinin gizli səsverməsi yolu ilə ötən il Cənubi Afrika Respublikasının Keyptaun şəhərində qərara alınmışdır.