08 sentyabr 2025 11:31
123

ABŞ səfirliyinin müşaviri AZAL-a məxsus sərnişin təyyarəsinin qəza yerini ziyarət edib

ABŞ-nin Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Eşli Tauers Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəza yerini ziyarət edib.

“İki sahil” xəbər verir ki, bu barədə Səfirliyin feysbuk hesabında yazılıb.

Bildirilib ki, ABŞ Biznes nümayəndə heyətinin Orta Dəhlizə səfərinin Qazaxıstan mərhələsi yekunlaşıb:

"Aktaudan yola düşməzdən əvvəl Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxişov və ABŞ-nin Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Eşli Tauers Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəza yerini ziyarət etdilər. Orada biz bu faciədə həyatını itirən mülki şəxslərin əziz xatirəsini ehtiramla yad etdik".

Vurğulanıb ki, hadisənin qalıqları hələ də ərazidə səpələnmiş halda qalır: "Bu mənzərə itirilmiş həyatların kədərli bir xatırladıcısıdır".