AQEM ölkələr arasında qarşılıqlı əməkdaşlıq və etimadın gücləndirilməsində unikal rol oynayır.
“İki sahil” xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin Avropa və Mərkəzi Asiya İşləri Departamentinin təmsilçisi, səfir Yan Venbin AQEM Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasında deyib.
Onun sözlərinə görə, Çin daim AQEM-in fəaliyyətinə dəstək göstərib:
"Mövcud beynəlxalq mənzərə olduqca mürəkkəbdir. Bu il BMT-nin yaradılmasının 80 illiyi qeyd olunur. Bu da özlüyündə daha ədalətli nizamın qurulmasını özündə ehtiva edir".
Diplomat həmçinin bildirib ki, AQEM regional təhlükəsizliyə daha çox diqqət ayırmalı, sülh və sabitliyə töhfə verməlidir:
"AQEM Asiyanın təhlükəsizliyini təmin etmək üçün faydalı araşdırmalar apara bilər. Qurum region ölkələri arasında ünsiyyətin gücləndirilməsində, qarşılıqlı etimadın artırılmasında və əməkdaşlığın təşviqində unikal və konstruktiv rol oynayır. AQEM təhlükəsizlik dialoqunun və əməkdaşlığının gücləndirilməsinə böyük səylər göstərməyə davam etməlidir".
Y.Venbin vurğulayıb ki, qarşılıqlı fayda və bazar iqtisadiyyatı prinsipləri əsasında Asiya daxilində və Asiya ilə digər regionlar arasında təchizat zəncirlərinin təhlükəsizliyini, sabitliyini və davamlılığını təmin etmək bütün maraqlı tərəflərin ümumi mənafeyinə uyğundur:
"İqtisadi əməkdaşlıq və texnoloji inkişafın təbii qanunlarını pozan, məsələn, təchizat zəncirlərini zorla yenidən qurmaq kimi addımlar başqalarına zərər verir, nəticədə uğursuzluğa məhkumdur. "Bir kəmər, bir yol" təşəbbüsünün əsas komponentlərindən biri nəqliyyat infrastrukturunda əlaqəliliyin gücləndirilməsidir. Ona görə də Çin Avrasiya regionunda, o cümlədən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi kimi müxtəlif əlaqəlilik layihələrini dəstəkləyir və onlarda iştirak etməyə hazırdır".