09 sentyabr 2025 13:16
157

Eyfel qülləsinə 72 alim qadının adı yazılacaq

Eyfel qülləsinin birinci mərtəbəsinə yaxın iki il ərzində 72 alim qadının adı qızıl hərflərlə həkk olunacaq. Bu təşəbbüs Paris bələdiyyəsi, Eyfel Qülləsinin İstismarı Cəmiyyəti (SETE) və “Qadınlar və Elm” (Femmes & Sciences) assosiasiyasının birgə təşəbbüsü ilə həyata keçirilir.

“İki sahil” xəbər verir ki, layihənin məqsədi qadın alimlərin tarixdə görünməz qalmasına qarşı mübarizə aparmaq və onların elmdə tutduqları yerə layiq şəkildə tanıdılmasıdır.1889-cu ildə inşa edilən Eyfel qülləsinin fasadına Gustave Eiffelin təşəbbüsü ilə 72 fransız alim və mühəndis kişinin adı həkk olunmuşdu. Bunların arasında bir dənə də qadın adı yoxdur. İndi isə bu balanssızlığı düzəltmək üçün ilk dəfə olaraq 72 alim qadının adı həmin yerə əlavə ediləcək. “Bu qərar qadınların görünməzliyinə qarşı simvolik və tarixi bir cavabdır. Onlara layiq olduqları yeri geri vermək istəyirik,” – deyə Paris bələdiyyəsi açıqlayıb.

Qadın alimlərin adlarını seçən komissiya artıq işini yekunlaşdırıb. Seçilmiş alimlər 1789-cu ildən günümüzə qədər yaşamış və artıq vəfat etmiş, elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrində ixtisaslaşmış, elmi nailiyyətləri həmkarları tərəfindən əsaslı və həlledici kimi tanınmış qadınlardan ibarət olacaq. Alimlərin adları hər biri 60 sm hündürlüyündə və 5 sm qalınlığında qızıl hərflərlə Eyfel qülləsinin birinci mərtəbəsinin fasadında eyni tip qrafikada yazılacaq. Layihə iki il ərzində tamamlanacaq, adların dəqiq siyahısı isə 2025-ci ilin dekabr ayında açıqlanacaq.

Layihənin növbəti mərhələsi Paris bələdiyyəsinin rəsmi təsdiqidir. Təsdiqləndikdən sonra elmə, bərabərliyə və yaddaşa verilən önəmin bir simvolu kimi qadın alimlərin adları dünyanın ən məşhur abidələrindən biri olan Eyfel qülləsinin divarlarında əbədi yer alacaq.