11 sentyabr 2025 00:35
109

Hər damlasına qayğı…

Su ehtiyatlarında yeni dövr: İqlim, innovasiya və infrastruktur

İqlim dəyişikliyi, transsərhəd çayların idarəsi, yeraltı su ehtiyatlarının qorunması və rəqəmsallaşma layihələri ilə Azərbaycanın su təsərrüfatı yeni mərhələyə qədəm qoyur

Su ehtiyatlarının idarə olunması Azərbaycanın strateji inkişaf gündəliyində əsas prioritetlərdən biridir. Ölkədə həm iqlim dəyişikliyinin yaratdığı risklər, həm də transsərhəd çaylardan yüksək asılılıq, artan əhali və təsərrüfatlara olan su ehtiyacı bu sahədə yeni yanaşmalar tələb edir. Bu baxımdan, son illərdə müxtəlif istiqamətlər üzrə geniş tədbirlər həyata keçirilir: müşahidə şəbəkələrinin yenilənməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, yeraltı su ehtiyatlarının qorunması, infrastrukturun bərpası və su itkilərinin azaldılması, müasir suvarma texnologiyalarının tətbiqi, təmizlənmiş suların dövriyyəyə qaytarılması, yeni su anbarlarının tikintisi və rəqəmsallaşma mexanizmlərinin genişləndirilməsi bu tədbirlərin əsasını təşkil edir. Mövzu ilə əlaqədar bir sıra məqamlara aydınlıq gətirmək üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Sorğu çərçivəsində həm strateji tədbirlərin icrası, həm də iri şəhərlərdə əhalinin dayanıqlı və fasiləsiz su təminatı üzrə görülən işlər barədə suallarımıza cavab axtardıq.

İqlim dəyişikliyi fonunda atılan strateji addımlarla bağlı sorğumuza cavab olaraq bildirildi ki, su ehtiyatlarının azalması təhlükəsini nəzərə alaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) bir sıra strateji tədbirlər həyata keçirir. Ən vacib istiqamətlərdən biri hidroloji, hidrogeoloji və meteoroloji müşahidə şəbəkələrinin genişləndirilməsi və yenilənməsidir: “Hazırda 40 avtomat hidroloji stansiya, 43 ənənəvi müşahidə məntəqəsi, 363 müşahidə quyusu və 8600 rejim-müşahidə quyusu fəaliyyət göstərir. 2024–2025-ci illərdə əlavə avtomat stansiyalar quraşdırılıb, doppler radar, radiozond sistemləri, dəniz stansiyaları və meteoroloji stansiyalar istifadəyə verilib. Bu, iqlim dəyişikliyinin yaratdığı riskləri izləməyə və erkən xəbərdarlıq sistemini qurmağa imkan yaradır”.

Eyni zamanda, ölkəmizin su ehtiyatlarının 70 faizdən çoxunu transsərhəd çaylardan əldə etməsi bu sahədə əlavə tədbirləri zəruri edir. Transsərhəd çaylardan asılılığın azaldılması və su resurslarının davamlı idarə olunması məqsədilə bir sıra beynəlxalq əməkdaşlıqlar həyata keçirilir. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, Gürcüstanla əməkdaşlıq çərçivəsində Kür və Qanıx (Alazan) çaylarının hövzələrində qarölçmə işləri aparılıb, Azərbaycan–İran arasında Araz çayı üzrə birgə komissiya fəaliyyət göstərir, Azərbaycan–Rusiya ilə Samur çayı üzrə əməkdaşlıq intensivləşdirilir. Transsərhəd suların çirklənməsinin qarşısının alınması məqsədilə mütəmadi monitorinqlər keçirilir, 7 transsərhəd çaydan 252 nümunə götürülərək 4032 analiz aparılıb. Bundan başqa, Azərbaycan BMT və digər beynəlxalq platformalarda transsərhəd suların idarə olunması və mühafizəsi məsələlərini gündəmə gətirir.

Qurumdan bildirildi ki, yeraltı su ehtiyatlarının qorunması və səmərəli istifadəsi üçün yeni mexanizmlər tətbiq olunur. Mil düzənliyi və Naxçıvan bölgəsində monitorinq quyularında hər 10 gündən bir ölçmələr aparılır, suyun minerallaşması, elektrik keçiriciliyi və digər parametrlər izlənilir. 67 quyu üzrə su nümunələrinin analizi həyata keçirilib. Passiv subartezian quyularının bərpası planlaşdırılır – 565 quyudan 2025-ci ildə 202-si bərpa olunacaq. Xarici ölkələrin təcrübəsinə əsaslanaraq yeraltı sulu təbəqələrin süni doldurulması imkanları öyrənilir.  Bu tədbirlər yeraltı su ehtiyatlarının qorunmasını təmin etməklə yanaşı, su itkisinə qarşı infrastruktur yeniləmələri ilə tamamlanır. Belə ki, Bakı və ətraf qəsəbələrdə köhnəlmiş və qanunsuz çəkilmiş xətlər ləğv edilir, yeni mərkəzləşdirilmiş şəbəkələr qurulur. İçməli suyun sayğaclaşması 93 faizə çatdırılıb, 40 minə yaxın köhnə sayğac yenisi ilə əvəz edilib. Suvarma sistemlərində 190 müasir ölçü cihazı quraşdırılıb, bunlar SCADA sisteminə qoşulub və onlayn izlənir.

“Su ehtiyatlarının qorunması və itkilərin qarşısının alınması sahəsində görülən tədbirlər kənd təsərrüfatında suvarma sistemlərinə necə təsir edir?” sualına isə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən cavab belə oldu:  “Suvarmada müasir texnologiyaların tətbiqi sürətləndirilib. Damcı suvarma sistemləri və ağıllı idarəetmə mexanizmlərinə dövlət dəstəyi göstərilir, subsidiyalar və kreditlər ayrılır. 2025-ci ilin investisiya proqramı çərçivəsində Ucar, Zərdab, Ağstafa, Cəlilabad, Sabirabad və digər rayonlarda suvarma kanalları yenilənib, nasos stansiyaları quraşdırılıb, sututarlar bərpa olunub. Bu tədbirlər həm suya qənaət, həm də kənd təsərrüfatında məhsuldarlığın artımı məqsədi daşıyır”.

Qurumdan bildirilib ki, su resurslarının davamlı istifadəsini təmin etmək məqsədilə suların təmizlənməsi və təkrar istifadəsi sahəsində də addımlar atılır. Suyun keyfiyyətinə nəzarət mexanizmləri beynəlxalq təcrübə əsasında yenilənir. “Su ehtiyatları və meliorasiya sahəsinin standartlaşdırılması” üzrə Texniki Komitə yaradılıb, suyun keyfiyyəti ilə bağlı yeni dövlət standartları hazırlanır. Mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş sistemlər üçün monitorinq təlimatları işlənib. Təmizlənmiş tullantı sularının kənd təsərrüfatında istifadəsi qaydaları müəyyən olunub. Eyni zamanda, innovativ sutəmizləmə və zərərsizləşdirmə texnologiyalarının tətbiqi üçün texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanır.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, bu tədbirlər həm suvarma sahəsində səmərəliliyi artırır, həm də ekoloji tarazlığın qorunmasına xidmət edir. Bu məqsədlə yeni su anbarlarının tikintisi davam etdirilir: “Ekoloji tarazlığı qorumaq məqsədilə Zabuxçay su anbarı istifadəyə verilib, Yengicə və Həkəriçay su anbarlarının tikintisi davam edir, Bərgüşadçay və Zəyəmçay üzrə layihələr hazırlanır. Hövsan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi üzrə pilot layihə həyata keçirilir. Yağış sularının idarə olunması və təsərrüfat dövriyyəsinə cəlb edilməsi istiqamətində də işlər görülür”.

“Azərbaycanın su ehtiyatlarının idarə olunması sahəsində görülən tədbirlər, uzunmüddətli layihələr, regionlarda su və tullantı su təminatı, rəqəmsallaşma və gələcək prioritetlər nələrdir?” sualına isə qurumun cavabı belə oldu: ”Su ehtiyatlarının idarə olunması sahəsində beynəlxalq əməkdaşlıq  qurulur. Avstriya, Macarıstan, İsrail, Niderland, Türkiyə və digər ölkələrin təcrübəsi öyrənilir. Avropa İttifaqının dəstəyi ilə Kür çayının Mingəçevir anbarından yuxarı hissəsi üzrə Çay Hövzəsinin İdarə Olunması Planı hazırlanır. Sudan İstifadəedənlər Birliklərinin fəaliyyəti Türkiyə, Hollandiya və İsrail təcrübəsi əsasında təkmilləşdirilir. Azərbaycan nümayəndə heyətləri beynəlxalq konfranslarda iştirak edir və təcrübə mübadiləsi aparır.

Bununla paralel olaraq, suya artan tələbatı qarşılamaq məqsədilə uzunmüddətli layihələr həyata keçirilir. Ən iri layihə Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodudur – gündə 300 min kubmetr içməli su istehsal edəcək. Layihənin icrası üzrə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti seçilib. Bundan başqa, yeni su anbarlarının tikintisi (Yengicə, Həkəriçay, Bərgüşadçay və s.), kəhrizlərin bərpası, alternativ texnologiyalar (süni yağış və havadan su əldə edilməsi) üzərində tədqiqatlar aparılır.

Eyni zamanda, regionlarda içməli su və tullantı su təminatının yaxşılaşdırılması üçün geniş infrastruktur layihələri reallaşdırılır. Şirvan, Salyan, Yevlax, Gəncə, Mingəçevir, Şəki, Balakən, Astara və Lənkəranda su təchizatı və kanalizasiya sistemləri yenilənir. 65 km yeni su xətləri çəkilib, minlərlə su sayğacı quraşdırılıb, tullantı suları üçün 70 km kanalizasiya xətti inşa edilib, 3 km-ə yaxın  yağış suları xətləri çəkilib. Su anbarlarının tikintisi və əsaslı təmiri istiqamətində isə işlər davam etdirilir.

Bundan başqa, su ehtiyatlarının idarə edilməsində rəqəmsal texnologiyaların tətbiqi əsas prioritetlərdən biridir. CİS əsaslı vahid elektron xəritə sistemi təkmilləşdirilir, “Elektron Su Təsərrüfatı” informasiya sistemi yenidən işlənir. Peyk təsvirləri əsasında ölkə üzrə su mənbələrinin rəqəmsallaşdırılması aparılır. DATUM platforması vasitəsilə su ehtiyatlarının uçotu həyata keçirilir. SCADA sistemləri ilə suvarma və içməli su xətlərinə nəzarət edilir, bütün məlumatlar onlayn izlənilir”.

Nəticədə, Azərbyacan Dövlət Su Ehtiyatları Agentliyinin qarşıdakı illər üçün əsas hədəfləri su ehtiyatlarının dəqiq qiymətləndirilməsi, yeni su anbarları və hidrotexniki qurğuların tikilməsi, su itkilərinin minimuma endirilməsi, iqlim dəyişikliyinə adaptasiya tədbirlərinin həyata keçirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və rəqəmsallaşmanın daha da genişləndirilməsidir. Bundan başqa, işğaldan azad edilmiş ərazilərdə su təsərrüfatı infrastrukturunun bərpası və regionlarda dayanıqlı su təminatının tam təmin edilməsi prioritet istiqamətlər kimi müəyyən edilib.

Yaqut Ağaşahqızı, “İki sahil”