24 sentyabr 2025 13:33
103

Pakistan aviaşirkəti beşillik fasilədən sonra Böyük Britaniyaya uçuşları bərpa edir

"Pakistan International Airlines" (PIA) aviaşirkəti beşillik fasilədən sonra oktyabr ayından etibarən Böyük Britaniyaya birbaşa uçuşları bərpa edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə aviaşirkətin "X" hesabında məlumat verilib.

Birinci mərhələdə uçuşlar Mançesterdən həyata keçiriləcək, aviaşirkətin marşrut şəbəkəsi daha sonra Birminhem və Londona qədər genişlənəcək.

Böyük Britaniya və Avropa İttifaqının (Aİ) 2020-ci ildə PIA-nın regiona uçuşlarına qadağa qoymasına səbəb Pakistanın o zamankı aviasiya nazirinin bəzi pilotların saxta lisenziyalara malik olmasını iddia etməsi olub.

Pakistan beynəlxalq aviasiya tənzimləyiciləri tərəfindən müəyyən edilmiş meyarlara nail olunması istiqamətində işə başladıqdan sonra Aİ ittifaq ölkələrinə uçuşlara qoyulan qadağanı aradan qaldırıb.