Əfqanıstandakı Taliban hökuməti öz vətəndaşlarının Almaniyadan geri qaytarılmasına faktiki razılıq verib.
“İki sahil” "Reuters"ə istinadla xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Əfqanıstan hökuməti de-fakto hava yolu ilə repatriasiya ilə razılaşıb, bir şərtlə ki, repatriasiya etdiyimiz şəxslərin Əfqanıstan vətəndaşları olduğu müəyyən olunsun", - deyə, nazirliyin mətbuat katibi bildirib.
Mətbuat xidməti qeyd edib ki, Berlin Əfqanıstan Taliban hökumətinin nümayəndələri ilə yalnız texniki əlaqələr saxlayır.
İyul ayında Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt bəyan etmişdi ki, alman hakimiyyət orqanları deportasiyaya məruz qalan Əfqanıstan vətəndaşlarının geri qaytarılması ilə bağlı Taliban ilə razılığa gəlmək niyyətindədir.
Almaniyada məhkum olunmuş Əfqanıstan vətəndaşlarını daşıyan deportasiya uçuşları keçən avqust ayında bərpa edilib. Həmin vaxt Berlin qeyd edib ki, uçuşlar regional tərəfdaşların dəstəyi ilə həyata keçirilir. Alman səlahiyyətliləri daha sonra bu məsələni birbaşa Əfqanıstan hökuməti ilə müzakirə etmək istədiklərini etiraf etdilər.