06 oktyabr 2025 15:18
87

Berlin polisi HƏMAS-ın İsrailə hücumunun ildönümü ərəfəsində təhlükəsizlik tədbirlərini gücləndirib

Berlin polisi ərəfəsində keçiriləcək tədbirlərlə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

“İki sahil” “Bild” qəzetinə istinadla xəbər verir ki, şəhər rəhbərliyi mümkün iğtişaş və zorakılıq hallarının qarşısını almaq üçün genişmiqyaslı təhlükəsizlik tədbirləri həyata keçirir. Polisin məlumatına görə, həmin gün paytaxtda ümumilikdə minə yaxın polis əməkdaşı xidmət göstərəcək. Berlin polisinin bütün çevik müdaxilə dəstələri birləşdiriləcək və şəhərin müxtəlif bölgələrində 24 saat rejimində patrul xidməti aparılacaq. Xüsusi mühafizə tədbirləri HƏMAS hücumu və İsrailin “Nova” festivalı ilə əlaqədar sərginin keçiriləcəyi Tempelhof hava limanı ərazisində görüləcək.

Artıq bir neçə insident qeydə alınıb. Şəhərin Noyköln və Kroyzberq rayonlarında İsrail əleyhinə şüarlar səsləndirərək iğtişaşlar törədən bir qrup şəxs yolları bağlamağa cəhd göstərib, pirotexniki vasitələrdən istifadə edib. Polisin dərhal müdaxiləsindən sonra 15 nəfər saxlanılıb.

Berlin polisi oktyabrın 7-də baş verə biləcək etirazlar, blokadalar və zorakılıq hallarının qarşısını almaq məqsədilə İsrail əleyhinə radikal mövqeyi ilə tanınan beş nəfərin oktyabrın 7-dən 12-dək keçiriləcək ictimai tədbirlərdə iştirakına qadağa qoyub.