Almaniya kansleri Fridrix Merts bəyan edib ki, Avropa İttifaqı 2035-ci ilə planlaşdırılan daxili yanma mühərrikli avtomobillərin satışına qoyulan qadağadan imtina etməlidir.
“İki sahil” xəbər verir ki, kansler bunu NTV telekanalının efirində deyib.
"Mənim aydın mövqeyim ondan ibarətdir ki, biz daxili yanma mühərriklərinə qoyulan bu qadağanı indiki formada dəstəkləyə bilmərik. Mən Almaniyanın bu yanlış qadağadan yapışan ölkələr sırasında olmasını istəmirəm", - kansler deyib.
O, əlavə edib ki, texnologiya inkişaf edir və növbəti onillikdə dünya daxili yanma mühərriklərinin ekoloji cəhətdən daha təmiz olmasına imkan verəcək yanacaq hazırlaya bilər. Merts hesab edir ki, qadağa bu sahədə elmi tərəqqini məhv edə bilər.
Alman avtomobil istehsalçıları, xüsusilə BMW və Mercedes də daxili yanma mühərrikli avtomobillərdən imtina edilməsini tənqid edirlər.