07 oktyabr 2025 17:19
110

Çinin Baş naziri Şimali Koreyaya səfər edəcək

Çin Dövlət Şurasının sədri (Baş nazir) Li Çian Koreya Xalq Demokratik Respublikasının (KXDR) hökumətinin və Fəhlə Partiyasının dəvəti ilə oktyabrın 9-11-də bu ölkədə səfərdə olacaq.

“İki sahil” Çinin Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, bu ölkənin Baş naziri Koreya Fəhlə Partiyasının yaradılmasının 80-ci ildönümü münasibətilə keçiriləcək yubiley tədbirlərində iştirak edəcək. O həm hökumət, həm də Çin Kommunist Partiyasının (ÇKP) nümayəndə heyətinə rəhbərlik edəcək.

Nazirliyin açıqlamasında deyilir ki, Çin və KXDR ənənəvi dost və qonşudur. Çin-KXDR əlaqələrini qorumaq, möhkəmləndirmək və inkişaf etdirmək ÇKP-nin və Çin hökumətinin sarsılmaz strateji siyasətidir.

Qeyd edək ki, media Koreya Fəhlə Partiyasının 80-ci ildönümü münasibətilə irimiqyaslı tədbirlərin, o cümlədən hərbi paradın keçiriləcəyi barədə xəbərlər yayıb.