Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.1.4 və 5.1.13-cü bəndlərinə əsasən, uşaqların zərərli informasiyadan qorunması istiqamətində tədbirlərin gücləndirilməsi məqsədilə təlimlərə start verilib.
Təlimlər uşaq hüquqları və informasiya məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən dövlət və qeyri-dövlət orqanlarının əməkdaşları, ümumitəhsil müəssisələrinin psixoloqları, eləcə də yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektorlar üçün təşkil olunur.
6–9 oktyabr 2025-ci il tarixlərini əhatə edən təlim proqramı beynəlxalq ekspert, professor Sophie Kiladze tərəfindən aparılır.
Təlimlərdə Prof. Dr. Sophie Kiladze tərəfindən uşaqların zərərli informasiyadan qorunması sahəsində Azərbaycan Respublikasında mövcud qanunvericilik bazası, bu sahədə beynəlxalq təcrübədə tətbiq olunan normativ-hüquqi sənədlər, informasiya məhsullarının yaş kateqoriyaları və təsnifatı, həmçinin müəllim və valideynlərlə işin təşkili kimi mövzular üzrə təqdimatlar keçirilir.
4 gün davam edəcək təlim proqramında ümumilikdə 120 nəfər iştirak edir.
Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.