Paytaxtın Nəsimi və Nizami rayonları ərazisində naməlum şəxslər üç nəfər paytaxt sakinini aldadaraq onların 28 min 350 manat pulunu ələ keçiriblər.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, vətəndaşların polisə müraciətləri əsasında keçirilən tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı V. Yadullayev, 38 yaşlı R. Musayev və əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 52 yaşlı N. Vəliyeva müəyyən olunaraq saxlanılıblar.
Həmçinin Abşeron rayonunda yerləşən evlərin birindən və rayon ərazisindəki əlvan metal qəbulu məntəqəsindən oğurluq hadisələri qeydə alınıb. Zərərçəkən şəxslər aidiyyəti üzrə müraciət edərək 4 min manat dəyərində qızıl-zinət və əlvan metal əşyalarının talandığını bildiriblər. Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə 27 yaşlı U.Cəbiyev və 28 yaşlı B.Ənvərli şübhəli şəxs qismində saxlanılıblar.
Nizami rayonunda isə 1 nəfərə məxsus avtomobildən 580 manat oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum edilmiş 44 yaşlı E.İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.