09 oktyabr 2025 17:53
156

Rövşən Nəcəf FIFA-nın Komitəsinə üzv seçilib

AFFA prezidenti Rövşən Nəcəf və vitse-prezident Könül Mehdiyeva FIFA-nın Daimi Komitələrinə üzv seçiliblər.

“İki sahil” xəbər verir ki, bu barədə milli assosiasiya məlumat yayıb.

FIFA-nın 74-cü Konqresində təsdiqlənmiş dəyişikliklərə əsasən, ali futbol qurumunun Daimi Komitələrinin yenidən qurulması qərara alınıb.

Bu addımın məqsədi FIFA-nın qlobal miqyasda artan fəaliyyət və məsuliyyət səviyyəsini nəzərə alaraq, daha çox üzv-assosiasiyanın qərar qəbuletmə proseslərində iştirakını təmin etməkdir.

Bu prosesin nəticəsi olaraq, FIFA Şurasının keçirilmiş son iclasında 2025-2029-cu illər dövrü üçün FIFA-nın Daimi Komitələrinin sədrləri, sədr müavinləri və üzvləri təyin edilib. FIFA Şurasının qəbul etdiyi qərara əsasən, AFFA-nın prezidenti Rövşən Nəcəf 2025-2029-cu illər dövrü üçün FIFA-nın Kommersiya və Marketinq üzrə Məsləhət Komitəsinin üzvü təyin olunub. Eyni zamanda, AFFA-nın vitse-prezidenti Könül Mehdiyeva Qadın Futbolunun İnkişafı Komitəsinin üzvü seçilib. Yeni təyinatlar FIFA-nın yenilənmiş idarəetmə modelinin tərkib hissəsi kimi, beynəlxalq futbol idarəçiliyində daha geniş iştirakçılıq və gender balansının təmin edilməsinə yönəlib.