MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edən Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrini geosiyasi təlatümlər qarşısında bir-biri ilə və müttəfiqləri ilə güclərini birləşdirməyə çağırıb. O, bəyan edib ki, yalnız Birlik daxilində qarşılıqlı anlaşma yolu ilə münaqişə yaradan amilləri aradan qaldırmaq olar.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
"Bu geosiyasi təlatüm şəraitində MDB ölkələrinin və bütün tərəfdarlarımızın səylərini münaqişə yaradan amilləri aradan qaldırmaq üçün birləşdirmək kritik əhəmiyyət kəsb edir. Buna yalnız qarşılıqlı anlaşma və koordinasiyalı fəaliyyət yolu ilə nail olmaq olar", - Qazaxıstan lideri bildirib.
Sabitliyi pozan amillər arasında o, beynəlxalq hüququn əsaslarının aşınması, dövlətlər arasında etimadın fəlakətli şəkildə azalması, qarşıdurma ritorikasının güclənməsi, çoxtərəfli diplomatiyada böhranın başlaması və Birləşmiş Millətlər Təşkilatının sülhməramlı potensialının nəzərəçarpacaq dərəcədə zəifləməsini qeyd edib.