10 oktyabr 2025 17:30
125

Vyetnam təbii fəlakətlərlə mübarizə üçün beynəlxalq ictimaiyyətdən dəstək istəyib

Vyetnam bu il ölkədə baş verən ağır təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətdən təcili dəstək istəyib.

“İki sahil” Vyetnam mediasına istinadla xəbər verir ki, kənd təsərrüfatı və ətraf mühit nazirinin müavini Nquyen Hoanq Hiep fəlakət riskinin azaldılması üzrə tərəfdaşlıq mövzusunda Hanoyda beynəlxalq təşkilatların və xarici ölkələrin diplomatları ilə görüşdə bu fikirləri səsləndirib.

Nazir müavini bu il baş verən təbii fəlakətlər nəticəsində Vyetnamın iqtisadi itkilərinin təxminən 1,3 milyard dollar səviyyəsində qiymətləndirildiyini bildirib, proqnozlara görə fəlakətlər nəticəsində ölkənin ümumi daxili məhsulu (ÜDM) 0,2 faiz azalacaq. Vyetnamda bu il 11 tayfun, 4 tropik siklon müşahidə olunub ki, nəticədə 238 nəfər ölüb, 400-ə yaxın insan xəsarət alıb, evlərə, əkin sahələrinə və ictimai infrastruktura böyük ziyan dəyib.

Sonuncu “Matmo” tayfununun yaratdığı fəsadlar nəticəsində ölənlərin sayı 15-ə çatıb. Təbii fəlakət nəticəsində 225 min fərdi evə ziyan dəyib, 24 min əkin sahəsi məhv olub, 587 min mal-qara və quş məhv olub. Bundan başqa, sel, daşqın və torpaq sürüşmələri avtomobil yollarında 24 yerdə dağıntı törədib.