Ukraynaya planlaşdırılan müddətdən beş ay əvvəl yüzlərlə hava hücumundan müdafiə (HHM) raketi çatdırılıb.
“İki sahil” bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, Britaniyanın müdafiə hazırlığı və sənayesi üzrə naziri Lyuk Pollard bu həftə Ukraynaya hərbi dəstəyin artırılması məqsədilə Kiyevə səfər edən ticarət nümayəndə heyətinə rəhbərlik edib.
Qeyd olunub ki, raketlər Belfast şəhərindəki (Şimali İrlandiya) müəssisədə istehsal edilib və Britaniyanın hərbi yardım proqramı çərçivəsində təhvil verilib. Söhbət Ukraynanın 2022-ci ilin fevralında müharibənin başlanğıcından bəri öz hava məkanının müdafiəsi üçün istifadə etdiyi yüngül çoxməqsədli raketlərdən (LMM) gedir.