12 oktyabr 2025 19:19
131

Zelenski və Tramp son sutkada ikinci dəfə telefonla danışıblar

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla son sutkada ikinci dəfə telefonla danışıb.

“İki sahil” xəbər verir ki, bu barədə V.Zelenski “Teleqram” səhifəsində məlumat verib.

“Mən indicə ABŞ Prezidenti Donald Trampla iki gündə ikinci dəfə danışdım və bu gün də çox məhsuldar söhbətimiz oldu”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, oktyabrın 11-də keçirilən danışıqlarda olduğu kimi eyni məsələlər – Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, habelə enerji sektorunun bərpasına köməklik müzakirə edilib. Ukraynanın uzaqmənzilli silahlarla təmin edilməsi də ayrıca müzakirə olunub.

"Prezident Tramp baş verən hər şeydən yaxşı məlumatlıdır. Söhbətimizi davam etdirməyə razılaşdıq və komandalar hazırlaşır. Təşəkkür edirəm!", - deyə Prezident əlavə edib.

Qeyd edək ki, Zelenski oktyabrın 11-də ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı Rusiyanın enerji sektoruna hücumları qarşısında Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə etdiyini bildirib.

ABŞ mediasının məlumatına görə, Ukraynanın yeni “Patriot” hava hücumundan müdafiə raket sistemləri ilə təchiz edilməsinin mümkünlüyü barədə müzakirələr gedir. Bununla belə, tərəflər Amerikanın “Tomaqavk” qanadlı raketlərinin gələcəkdə Ukraynaya mümkün tədarükünü də müzakirə ediblər.