12 oktyabr 2025 23:49
118

ABŞ ilə Çin arasında Pekin görüşü təxirə salınıb

ABŞ hakimiyyəti Çin tərəfinə ticarət sahəsində danışıqlar aparmaq məqsədilə telefon zəngi üçün rəsmi sorğu göndərib.

“İki sahil” xəbər verir ki, bunu ABŞ-nin ticarət danışıqlarındakı nümayəndəsi Ceymison Qrir "Fox News"a müsahibəsində deyib.

Bununla belə, Pekin görüşü təxirə salıb.

"Deyə bilərəm ki, bizə xəbər verilməyib. Bunu açıq mənbələrdən öyrənən kimi biz telefon danışığı ilə bağlı çinlilərlə əlaqə saxladıq və onlar görüşü başqa vaxta keçirdilər", - Qrir vurğulayıb.

Nümayəndə Koreya Respublikasında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində ABŞ və Çin liderləri Donald Trampla Si Cinpin arasında görüşün hələ də baş tuta biləcəyini istisna etməyib:

"Bu baş verə bilər. Prezident (Tramp-red.) orada olmağı planlaşdırır və ehtimal ki, Si Cinpin də orada olacaq. Əgər danışıqlara maraq olarsa, Prezident həmişə müzakirələrə açıqdır".

Mənbələrə görə, danışığın əsas mövzusu iki ölkə arasında ticarət balansı və gömrük rüsumları olacaq. ABŞ tərəfi Çinlə iqtisadi münasibətləri sabitləşdirmək və qarşılıqlı ixrac-idxal siyasətində balans yaratmaq niyyətindədir.

Qeyd edək ki, son aylar Vaşinqton və Pekin arasında texnologiya ixracı, avtomobil sənayesi və yarımkeçiricilər sahəsində fikir ayrılıqları davam edir.