13 oktyabr 2025 00:18
110

Türkiyədən Qəzza zolağına humanitar yardımların çatdırılması sürətlənib

Oktyabrın 8-də İsrail ilə Fələstin arasında atəşkəslə bağlı əldə olunan razılıqdan sonra Türkiyədən Qəzza zolağına humanitar yardımların çatdırılması istiqamətində fəaliyyətlər sürətlənib.

“İki sahil” xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr departamenti açıqlama verib.

Məlumatda qeyd edilib ki, Türkiyədən bölgəyə 100 yük maşını ilə göndərilən yardım karvanı Misirin Əl-Ariş şəhərindən Karem Ebu Salem sərhəd qapısına çatdırılıb.

Bu çərçivədə, bu il iyulun 27-dən etibarən 333 yük maşını yardımın Qəzzaya keçidi təmin edilib.

Oktyabrın 13-də Türkiyəyə məxsus daha 20 yük maşını yardım, eləcə də çadırlar bölgəyə göndəriləcək.

Qeyd edilib ki, 2023-cü il oktyabrın 7-dən bugünədək Türkiyədən Qəzzaya 16 gəmi və 14 təyyarə ilə ümumilikdə 101 min 725 ton humanitar yardım göndərilib.