13 oktyabr 2025 12:49
119

Bəzi yerlərdə yağış yağacaq

Oktyabrın 14-də Azərbaycanda bəzi yerlərdə yağış yağacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 13-dən 14-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-17, gündüz 19-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər Böyük Qafqazın bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 21-26, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.