Ukraynanın qərbindəki Lvov şəhərində magistral kəmərdə baş verən qəza səbəbindən təxminən 50 min abonent susuz qalıb.
“İki sahil” xəbər verir ki, bu barədə şəhər merinin birinci müavini Andrey Moskalenko "Facebook" hesabında yazıb.
O qeyd edib ki, qəza köhnə borular səbəbindən baş verib.
Moskalenko vurğulayıb ki, köhnəlmiş boruların hamısının dəyişdirilməsi üçün 10 milyard qrivna (238,7 milyon dollar) tələb olunur ki, bu da şəhər büdcəsində nəzərdə tutulmayıb.
Şəhər su idarəsinin məlumatına görə, bu, son onillikdə baş verən ən böyük qəzadır. Əvvəlcə Domajir kəndində 600 mm diametrli əsas su kəməri zədələnib və Lvov yaxınlığındakı 13 kənd, eləcə də vilayət mərkəzində bir neçə küçə susuz qalıb. Təmirdən sonra bəzi kəndlər su ilə təmin olunsa da, daha bir neçə qəza baş verib.
Oktyabrın 25-i səhər saatlarında kommunal xidmət işçiləri daha bir təmiri başa çatdırıb, 30 km-dən çox magistral xətti və böyük su anbarlarını tamamilə boşaldan qəzadan sonra tədricən suyun doldurulmasına başlayıblar.
Lakin bu proses zamanı Domajir kəndi yaxınlığında başqa bir magistral su kəməri partlayıb və nasos stansiyalarında təzyiqin düşməsinə səbəb olub.
Qurumdan bildirilib ki, əvvəllər heç vaxt belə bir vəziyyətlə qarşılaşmayıblar.
"Etiraf etməyə məcburuq: Lvov su kanalı şəhərin su təchizatı ilə bağlı onilliklər ərzində ən ciddi problemlə üzləşib", - açıqlamada deyilir.
Kommunal xidmət işçiləri məlumat veriblər ki, mərkəzləşdirilmiş su təchizatı bərpa olunana qədər su maşınları fəaliyyətini davam etdirəcəklər.
İsrailin müdafiə naziri: Qəzzanın altındakı tunellərin 60%-i hələ də məhv edilməyib