06 noyabr 2025 23:36
96

Zəfər Gününə həsr olunmuş tədbir

Cənub mirvarisi Lənkəranın Mərkəzi Kitabxanasında “8 Noyabr – Zəfər Günü” münasibətilə keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, müəllimlər, məktəblilər və mədəniyyət işçiləri iştirak ediblər.

Tədbirdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb və Azərbaycan Respublikasının Dövlət Himni oxunub. Daha sonra zala üçrəngli Azərbaycan bayrağı rəmzi şəkildə gətirilib, iştirakçılar tərəfindən böyük ehtiramla qarşılanıb.

Aparıcısı tədbirin əhəmiyyətindən, Zəfər Gününün tariximizdə tutduğu möhtəşəm yerindən və xalqımızın 44 günlük Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığı barədə qürurla danışıb.

Ardınca Zəfər Gününün mənəvi dəyərindən, xalqımızın birlik və mübarizlik ruhundan söz açan Lənkəran Mərkəzi Kitabxanasının İnformasiya-Resurs şöbəsinin müdiri Alimə Əsədli onu da xüsusi olaraq vurğulayıb ki, bu qələbə Azərbaycan xalqının, dövlətimizin və ordumuzun sarsılmaz iradəsinin təntənəsidir.

Daha sonra Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Lənkəran şöbəsinin sədri, “Lənkəran” qəzetinin baş redaktoru Əlimərdan Əliyev öz çıxışında deyib:- Müharibə dövründə xalqımız böyük vətənpərvərlik nümunəsi göstərdi, qanı bahasına tarix yazan Vətənin qeyrətli övladları müharibə meydanında hünəri ilə bütün dünyanı heyrətə saldılar.

Söz Lənkəran Aqrar Texnoloji Kollecinin və eyni zamanda Xanbulan kənd tam orta məktəbinin musiqi müəlliməsi, şairə-bəstəkar Yaqut Salam qızına veriləndə o, Zəfər Gününün xalqımız üçün mənəvi birliyin simvoluna çevrildiyini bildirib. Həmçinin söz və musiqisi ona məxsus olan “Biz birlikdə güclüyük” adlı mahnısı vokal ifaçısı Mehparə Rza tərəfindən böyük ustalıqla ifa olunub.

Tədbirin musiqi hissəsində Cəfər Cabbarlı adına 1 saylı Uşaq Musiqi Məktəbinin şagirdi Anar Şahmarovun ifasında “Xudayar təsnifi” zalda duyğulu anlar yaşadıb. Eləcə 2 saylı Liman tam orta məktəbinin şagirdləri — Qönçə və Zəhra Zəfər Gününə həsr olunmuş mənalı bədii kompozisiyalarla çıxış ediblər. Onların çıxışı da tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonda “Zəfər” mövzusunda musiqi sədaları altında tədbir iştirakçıları xatirə şəkli çəkiblər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü