19 noyabr 2025 12:13
75

Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üzrə xərclərin bu ilin sonuna 22 milyard manata çatması gözlənilir

İşğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasına növbəti ildə büdcə xərclərinin 8,4 faizinə bərabər, yaxud 3,5 milyard manat məbləğində vəsait ayrılacaq.

“İki sahil” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin noyabrın 19-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, 2020-ci ilin sonundan etibarən yenidənqurma və quruculuq işlərinə hər il dövlət büdcəsinin imkanları səfərbər edilərək cari ilin əvvəlinə 17,6 milyard manat vəsait xərclənib. Cari ilin sonuna isə bu xərclərin 22 milyard manata çatması gözlənilir. 2026-cı ilin büdcə layihəsi və sonrakı üç il üzrə xərclər çərçivəsi də, ilk növbədə, bu istiqamət üzrə maliyyə təminatının yaradılmasını nəzərdə tutur.

S.Babayev əlavə edib: “2026-cı ilin dövlət büdcəsinin xərc prioriteti kimi ilk sıralarda Böyük Qayıdışa dair I Dövlət Proqramı durur. Bu, Prezident tərəfindən qarşımıza qoyulmuş ali vəzifədir və büdcə imkanları artdıqca, ilk növbədə, azad edilmiş ərazilərdə quruculuq işlərini sürətləndirməli və insanların öz doğma yurdlarına qayıdışını daha tez təmin etməliyik”.