19 noyabr 2025 16:59
170

Azərbaycan qəhrəman və işgüzar qadınlar  yurdudur

19 oktyabr 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı və  Masallı Tarix-Diyarşünaslıq Muzeyinin  birgə əməkdaşlığı ilə Yeni Azərbaycan Partiyasının  33-cü ildönümünə həsr olunmuş  "Azərbaycan qəhrəman və işgüzar qadınlar  yurdudur" mövzusunda tədbir keçirilib.

 “İki sahil” xəbər verir ki,   Masallı Tarix-Diyarşünaslıq Muzeyində  keçirilən tədbirdə Şəhid anaları, YAP-ın rayon təşkilatının veteran qadınları və fəal  gənclər  iştirak ediblər. Tədbiri  Ümummilli Lider Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açan Muzeyin direktoru Əntiqə Tağıyeva tədbirin məqsəd və məramından danışdı.

     İlk olaraq YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev mövzu ilə bağlı geniş məruzə edib. O, məruzəsində Azərbaycanın Müstəqillik dövründə Ulu Öndər Heydər Əliyevin eyni zamanda YAP-n  siyasi və iqtisadi fəaliyyəti haqqında danışdı. Bu çətin və mərhələli inkişaf tarixində   Azərbaycan qadınının daima cəmiyyətin inkişafında mühüm rol oynadığını, xüsusilə müasir dövrdə qadınların dövlət idarəçiliyində, təhsildə, elm və sosial həyatda yüksək fəallıq göstərdiyini vurğulayıb. Seyfəddin Əliyev həmçinin şəhid analarının və ailələrinin əzmkarlığını, dövlətimizin onlara göstərdiyi diqqət və qayğının önəmini xüsusi qeyd edib.

     Şəhid Nurlan  və İntiqam Əsgərlinin anası Ziba xanım öz çıxışında qadınlarımızın  üzərinə düşən məsuliyyətdən danışıb, şəhid analarının göstərdiyi iradənin Azərbaycan qadınının əsl simvolu olduğunu vurğulayıb. O deyib ki, bu gün qadınlar təkcə ailədə deyil, həm də ictimai həyatda yenilikçi və təşkilatçı kimi ön sıralardadırlar.

      Sonra tədbirdə çıxış  edən  Həsənli kənd uşaq bağçasının direktoru , YAP veteranı Nazilə Hüseynova və Mina Quliyeva   Azərbaycan qadınının həm ailədə, həm də cəmiyyətdə nümunəvi mövqeyindən söz açdılar.  Qızların təhsilinə xüsusi önəm verildiyini, gənc nəsildə vətənpərvərlik ruhunun gücləndirilməsinin əsas hədəflərdən biri olduğunu bildirən çıxışçılar bu yolda özlərinin istifadə etdikləri təcrübə və tövsiyələrini gənclərlə bölüşmüş oldular.

        Daha sonra Masallı Dövlət Regional Kollecinin müəllimi, YAP-n  gənc fəal üzvü  Humay Əliyeva və başqaları çıxışlarında gənclər arasında sağlam düşüncə, vətən sevgisi və sosial fəallığın artırılmasının vacibliyini qeyd edib. O, Azərbaycan qadınlarının həm təhsildə, həm də elmi fəaliyyətlərdə mühüm nailiyyətlər qazandığını, bu uğurların dövlət siyasətinin nəticəsi olduğunu bildirib.

    Tədbir qarşılıqlı fikir mübadiləsi, Şəhid analarına diqqət, qadınların ictimai rolunun dəyərləndirilməsi ilə yadda qalıb.