Empatiya nədir?
Empatiya insanların bir-birinin hisslərini anlama, emosional vəziyyətinə uyğun reaksiya vermə və qarşı tərəfin duyğularını daxildən hiss etmə bacarığıdır. Hər kəsin öz duyğularına cavabdeh olduğu bu dünyada empatiya əhəmiyyətini heç vaxt unutmamalı olduğumuz fundamental anlayışdır. Bəli, hər bir insan öz emosional vəziyyətini idarə etməkdə məsuliyyət daşıyır, lakin bu, ətrafımızdakıların hisslərinə biganə qalmalı olduğumuzu ifadə etmir. Empatiya yalnız başqa bir insanın yaşadığı duyğuları tanımaqla məhdudlaşmır, həmin duyğuların arxasında dayanan səbəbləri dərk etmək, vəziyyəti onun perspektivindən qiymətləndirmək və uyğun davranış sərgiləmək bu prosesin ayrılmaz hissəsidir. Empatiya sosial münasibətlərin sağlam qurulmasında, qarşılıqlı etimadın formalaşmasında və psixoloji təhlükəsiz ünsiyyətin davam etməsində mühüm rol oynayır. Üz ifadələri, jestlər, səs tonu, bədən dili və emosional reaksiya empatiyanın ənənəvi şəkildə formalaşmasının əsas elementləridir.

“Virtual empatiya” nə ilə fərqlənir?
Müasir kommunikasiya mühiti dəyişdikcə empatiyanın sərhədləri də fərqli istiqamətlərə genişlənir. Artıq emosiyaların fiziki məkan olmadan, ekran arxasında dərk olunması “virtual empatiya” adlanan yeni anlayışı önə çıxarıb. Rəqəmsal aləmdə, sosial şəbəkələrdə, mesajlaşma platformalarında, videozənglərdə və onlayn icmalarda da emosional anlayışın yaranması insanların fiziki olaraq bir arada olmadığı şəraitdə belə münasibətlərdə mühüm rol oynayır. Bu səbəbdən empatiyanın virtual mühitdə formalaşması və insanların rəqəmsal ünsiyyətdə bir-birinin hisslərini qəbul etməsi getdikcə daha çox diqqət çəkən mövzular sırasında yer alır. Bu, öyrəşdiyimiz empatiya anlayışı ilə ortaq bir zəmini paylaşır: digər insanların duyğularını anlamaq və dəstək təklif etmək. Bununla belə, virtual empatiyada bu proses mətn, emojilər, şəkillər, audioyazılar və ya videolar kimi rəqəmsal alətlər vasitəsilə baş verir. Buna görə də “virtual empatiya” prosesi zamanı real həyatın təqdim etdiyi bədən dili, üz ifadələri və jestlər kimi empatiyanı asanlaşdıran işarələrdən məhrum ola bilərik. Müşahidələr göstərir ki, xüsusilə gənc nəsil rəqəmsal ünsiyyətə daha çox üstünlük verdiyinə görə virtual empatiya onların davranış modelində təbii şəkildə yer alıb. Artıq kədərlənmə, sevinc, təşviş və narahatlıq kimi emosiyalar yazışmalar, sosial media platformalarındakı paylaşımlar üzərindən də anlaşıla bilir və ona uyğun dəstək mexanizmləri formalaşır.
Bu anlayış gündəlik həyatımıza necə təsir göstərir?
Zaman keçdikcə biz rəqəmsallaşmanın həyatımıza təsirindən getdikcə daha çox xəbərdar oluruq. Gündəlik həyatımızda çatmaqda çətinlik çəkdiyimiz yerlərə və insanlara həm müsbət, həm də mənfi şəkildə yalnız bir kliklə çatmağın asanlığını yaşayırıq. Sosial medianın geniş imkanları nəticəsində bir ekran vasitəsilə çox vaxt minlərlə insanın həyatına şahid oluruq, onların virtual hissəsinə çevrilirik. Virtual empatiyanın artması ilə yanaşı, müəyyən çətinliklər də ortaya çıxır. Rəqəmsal şəkildə yaranan empatik bağ, üz-üzə qurulan fiziki komunikasiyadan daha səthi ola bilər. Mətnin və ya görüntülərin yanlış anlaşılması, intonasiyanın tam ötürülə bilməməsi bəzən kommunikasiya boşluğu yaradır. Bununla belə, rəqəmsal mühitdə ani reaksiyanın mümkünlüyü, uzaq məsafədən, ekran arxasından dəstək vermək imkanı və daha geniş auditoriya ilə ünsiyyət qurmaq kimi üstünlüklər bu modelin sürətlə yayılmasına səbəb olur.

Sosial mediada “maskalar”...
Rəqəmsallaşmanın digər mənfi tərəflərindən biri sosial medianın kommunikasiya imkanlarının sürətlə yayılması ilə insanların getdikcə daha çox “maskalar” taxmasıdır. Sosial şəbəkələrdə nümayiş etdirilən “mükəmməl həyatlar”, “ideal münasibətlər” və süni pozitivlik qarşı tərəfin öz həyatını natamam və ya uğursuz kimi dəyərləndirməsinə səbəb ola bilər. Hətta bəzi insanlar zamanla sosial mediada izlədikləri obrazlarla real həyatlarını müqayisə etməyə başlayır və bu da insanların özü ilə daxili konflikt içində olmalarına yol açır.
Müsbət tərəfləri…
Sosial mediada rast gəlinən mənfi cəhətlərə baxmayaraq, “virtual empatiya” üstünlükləri ilə fərqli coğrafiyalardan oxşar duyğuları yaşayan fərdləri bir araya gətirərək ortaq həmrəylik zəminini yarada bilir. Bu isə, sosial bağları gücləndirir və çətinlik dövrlərində özünü daha aydın göstərir. Bundan əlavə, bəzi insanlar real həyatda ifadə etməkdə çətinlik çəkdikləri hissləri rəqəmsal mühitdə daha rahat paylaşa bilirlər. Bu da “virtual empatiya”nın yeni sosial dəstək mexanizmlərini formalaşdırmasına səbəb olur. Gecə saatlarında yazılan bir mesaj, qısa bir səs qeydi, paylaşılmış bir emoji belə qarşı tərəfin tək olmadığını hiss etdirə bilir. Əlbəttə, rəqəmsal kommunikasiya hər zaman mükəmməl deyil: emosiyalar bəzən yanlış anlaşılır, səs tonu və bədən dili olmadığı üçün fərqli yozumlar yarana bilir. Lakin bütün bu çatışmazlıqlara baxmayaraq, insanların bir-birinə bağlılığı, anlayış ehtiyacı və emosional yaxınlıq tələbi “virtual empatiya”nın aktuallığını və davamlılığını qoruyur. Nəticə etibarilə, rəqəmsal empatiya müasir dünyanın reallıqları içində həm çətinlikləri, həm də imkanları ilə inkişaf edən, münasibətləri yeni formada bir arada saxlayan mühüm bir sosial bacarıqdır. Bu bacarıq insanların fiziki olaraq uzaqda olsalar belə bir-birini anlama və dəstək vermə qabiliyyətini gücləndirərək rəqəmsal dövrdə empatiyanın yeni modelini formalaşdırır. Əsas duyğularımızdan biri olan empatiya rəqəmsal mühitdə konstruktiv şəkildə mənimsənildikdə anlaşmanın və sosial qarşılıqlı əlaqənin gücləndirilməsinə əhəmiyyətli töhfələr verməyə davam edə bilər.
Şahnigar Əhmədova, “İki sahil”
Proses “Sülh Körpüsü” Təşəbbüsü altında davam edəcək və növbəti 6 ay üçün fəaliyyət planı hazırlanacaq - Ramil İskəndərli
Vüqar Rəhimzadə: Azərbaycanın uğurlu xarici siyasəti ölkəmizin nüfuzunu artırır, yeni tərəfdaşlar qazandırır