24 noyabr 2025 10:47
83

Məzahir Əfəndiyevin “EU Reporter” portalında Azərbaycanının 2026-cı il Dövlət Büdcəsi layihəsinə dair məqaləsi dərc olunub

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin Avropa məbuatında, Avropa İttifaqının 27 ölkəsində izlənilən nüfuzlu informasiya portalı EU Reporter portalında Azərbaycanının 2026-cı il Dövlət Büdcəsi layihəsinə dair “The largest state budget in our independence history” adlı məqaləsi dərc olunub.  

“İki sahil” xəbər verir ki, məqalədə 2026-cı ilin dövlət büdcəsinin 38 milyard 609 milyon manat gəlir və 41 milyard 703 milyon manat xərclə proqnozlaşdırıldığı, bu büdcə paketinin şəffaflıq, çevik idarəetmə prinsipləri və institusional yanaşma üzərində qurulduğu, eyni zamanda büdcə müzakirələrinin “Konstitusiya və Suverenlik İli”nə təsadüf etməsi qanun layihəsinə xüsusi əlamətdarlıq verdiyi öz əksini tapıb.

Burada isə əsas məqam 2026-cı ilin dövlət büdəcsinin 08 avqust tarixində ABŞ-da üçtərəfli qaydada imzalanmış Vaşinqton Bəyannaməsindən sonra Orta Dəhliz layihəsinin inkişaf etdirilməsi, Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və inteqrasiyasına, eləcə də Cənubi Qafqazda sülhün daha tez əldə olunmasına hesablanmasıdır. Belə ki, Böyük Qayıdışın təmin edilməsi, şəhər və kəndlərin yenidən qurulması, bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması üçün 3,5 milyard manat vəsaitin ayrılacağı qeyd olunur.

Millət vəkili, eyni zamanda, qlobal ticarətdə baş verən dəyişikliklərə baxmayaraq, bu büdcənin mövcud risklər nəzərə alınmaqla ölkənin iqtisadi dayanıqlılığının daha da möhkəmlənməsinə, milli iqtisadiyyatın diversifikasiyasına, habelə əhalinin rifah halının yüksəlməsinə yönəldiyini, bundan irəli gələrək qeyri-neft sektorunun genişləndirilərək neftdən asılılığın azaldığını, Dövlət Neft Fondundan büdcəyə transfert məbləğinin aşağı düşdüyünü vurğulayıb.

Məqalədə, həmçinin, dövlət büdcəsi layihəsində Dördüncü Sənaye İnqilabının çağırışlarından irəli gələrək süni intellekt və kibertəhlükəsizlik strategiyaları üzrə prioritetlərin nəzərə alınması diqqətə çatdırılır.

Sonda M.Əfəndiyev strukturunda neftdən asılılığın azalması, qeyri-neft sektorunun dəstəklənməsi, sosial rifah tədbirlərinin genişləndirilməsi və yüksək texnoloji sahələrin maliyyələşdirilməsi kimi istiqamətlərin yer aldığı 2026-cı il üzrə dövlət büdcəsini milli prioritetlərə və uzunmüddətli inkişaf strategiyasına uyğun olaraq formalaşdırıldığını xüsusi qeyd edir.

Həmin məqalə ilə aşağıdakı keçidlərdən istifadə etməklə tanış ola bilərsiniz:

https://www.eureporter.co/azerbaijan/2025/11/22/the-largest-state-budget-in-our-independence-history/