ABŞ-da “ByHeart Whole Nutrition Infant Formula” uşaq qidasının istehlakı ilə əlaqəli botulizm hallarının qeydə alınması hazır qida məhsullarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) INFOSAN şəbəkəsinin yaydığı məlumata görə, 13 ştat üzrə 23 körpədə şübhəli və təsdiqlənmiş yoluxma faktı müəyyən edilib və bütün uşaqlar xəstəxanaya yerləşdirilib. Hadisədən sonra ABŞ-də məhsulun bütün partiyalar üzrə istifadəsi dərhal dayandırılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, sözügedən məhsul ölkəyə idxal edilməsə də, onun onlayn platformalar vasitəsilə şəxsi istifadəyə sifariş olunması mümkündür. Bu səbəbdən AQTA valideynləri ehtiyatlı olmağa çağırır.
Mütəxəssislər bildirirlər ki, dünya bazarında satılan hazır uşaq qidaları əsasən ciddi nəzarətdən keçsə də, bəzi hallarda istehsal, qablaşdırma və daşınma proseslərində yaranan pozuntular ciddi sağlamlıq problemlərinə yol aça bilər. Qeyd edək ki, rəsmi idxal olunmayan məhsulların internet üzərindən sifarişi təhlükəsizlik nəzarətindən kənarda qalır. Bununla da saxlanma şəraiti, saxlama temperaturu, istehsal tarixi və orijinallıqla bağlı risklər artır. Xüsusilə botulizm hadisəsi bir daha göstərdi ki, körpələr üçün nəzərdə tutulan məhsulların təhlükəsizlik zəncirində ən kiçik qüsur belə ağır nəticələrə səbəb ola bilər.
Bəs uşaq qidası alarkən nələrə diqqət etməli?

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “İki sahil”ə açıqlamasında bildirdi ki, ümumiyyətlə, uşaqlar həssas qrupa aid olduqlarına görə onlar üçün verilən, istifadə olunan bütün qidalar, xüsusilə paketlənmiş qidalar mütləq şəkildə etibarlı, mənşəyi bəlli olan istehsalçıların məhsulları olmalıdır: “Dünyada da qida təhlükəsizliyi ilə məşğul olan aidiyyəti qurumlar bu məsələni hər zaman diqqətdə saxlayırlar. Təbii ki, əgər mənşəyi bəlli olan yerdən alınırsa, üzərində istehsalçı şirkət haqqında ətraflı məlumat, məhsulun tərkibi, saxlanma şəraiti, istehsal tarixi, son istifadə müddəti tam şəkildə göstərilməlidir. Adıçəkilən qida ilə bağlı yaranan xoşagəlməz hallar müəyyən qurumlar tərəfindən aşkar olunduqda göstərilən marka öz rəsmi səhifəsində də sözügedən problemlə bağlı ətraflı məlumat verərək, partiyanın və həmin məhsulların geri çağırılması ilə bağlı açıqlamanı rəsmi saytında ictimaiyyətlə paylaşıb.
Bu kimi hallarla qarşılaşmamaq üçün yaxşı olar ki, uşaqlar üçün dövlət orqanı tərəfindən nəzarətdən keçmiş qidalar alınsın. Əks halda onlayn sifarişlə əldə edilən və yaxud da mənşəyi bəlli olmayan yerdən istifadə olunan məhsullar hər zaman risk altındadır. Xüsusilə bu məhsulların saxlanılma şəraiti doğru olmadıqda, temperatur rejiminə əməl edilmədikdə, daşındığı və yaxud anbarlarda saxlanılan zaman temperatur dəyişikliyinə məruz qalarsa, onların keyfiyyəti aşağı düşür və bu halda da həmin məhsul uşaqların həyatı üçün ciddi risk yarada bilər.”
Həmsöhbətimiz onu da vurğuladı ki, bəzin hallarda onlayn sifarişdə hər hansı bir problem baş verdikdə bu məhsulun istehsalçısına çatmaq mümkün olmaya bilər, eyni zamanda, aidiyyəti qurum tərəfindən nəzarətdən keçməyən, keyfiyyət sertifikatı olmayan bir çox hallarda tarixi dəyişdirilmiş və ya saxta qablaşdırılmış məhsullarla qarşılaşa bilərik. Bu da birbaşa insan sağlamlığının təhlükəyə atılması ilə nəticələnə bilər: “İstehlakçıların diqqət etməli olduqları digər bir məqam da odur ki, daşınma zamanı bəzən qablaşmanın zərər görməsi belə məhsul keyfiyyətli olsa da, onun tərkibinin dəyişməsinə səbəb ola bilir. Ona görə də yaxşı olar ki, daha çox rəsmi, etibarlı, mənşəyi bəlli olan yerdən, dövlət qurumu tərəfindən qeydiyyatdan keçən məhsullar alınsın. Əgər qida məhsulu xaricdən sifariş olunacaqsa, bu kimi məlumatlara birbaşa əlçatanlıq varsa, keyfiyyət sertifikatı təqdim olunursa, bu zaman məhsul alına bilər.
Saxlanılma şəraiti ilə yanaşı, məhsulların bəziləri, xüsusilə uşaq qidaları soyuq qida zincirində daşınmalıdır ki, yüksək temperatura məruz qalmasın. Daşınma prosesinin şəfffaflığını təmin edə bilən şirkətlər varsa yalnız bu şəkildə onlayn sifarişlə qida məhsulları əldə etmələri məsləhətlidir. Əks halda təbii ki, uşaq qidasına diqqətsiz yanaşmaq körpələrin sağlamlığı üçün təhlükəli ola bilər. Uşaqların sağlamlığına xüsusi diqqət yetirmək lazım olduğunu nəzərə aldıqda valideynlərin doğru mənbələrdən alış-veriş etməməsi bir çox problemlərin yaranmasına gətirib çıxara bilər.”
Şahnigar Əhmədova, “İki sahil”