Millət vəkili Anar Məmmədov Tərtər rayonu Kəngərli kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Quluzadə Emin Şəmsi oğlunun ailəsini ziyarət edib.
“İki sahil” xəbər verir ki, görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayonun baş axundu və şəhid ailələrinin üzvləri iştirak edib.
Anar Məmmədov dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını, dövlət qurumlarına da şəhid və qazi ailələrinin problemlərinə həssaslıqla yanaşmağı tövsiyə etdiyini bildirib.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Quluzadə Elmin Şəmsi oğlu 1998-ci il oktyabrın 23-də Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Oktyabrın 17-də Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Yaşadığı Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.
Şəhid Quluzadə Elmin 44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.