Sosial şəbəkələrdəki saxta məlumatlar ictimai rəyə təsir edir.
“İki sahil” xəbər verir ki, bunu "Xabar" agentliyinin İdarə Heyətinin sədrinin müavini Dauletxan Jiyenkulov Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Media Forumunda bildirib.
O, saxta məlumatların yayılması və bunun cəmiyyətə təsiri ilə bağlı konkret nümunələr gətirib.
D.Jiyenkulovun sözlərinə görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Ağ Evə səfərindən və ABŞ Prezidenti Donald Tramp ilə görüşündən bir neçə saat sonra sosial şəbəkələrdə guya "ölkənin təbii sərvətlərinin bölüşdürülməsi" barədə məlumatlar yayılıb.
D.Jiyenkulov qeyd edib ki, oxşar feyk məlumatlar Prezidentin Moskvaya səfəri və Rusiya Prezidenti Vladimir Putinlə görüşündən, həmçinin Çin Sədri ilə danışıqlardan sonra da ortaya çıxıb, müstəqilliyin itirilməsi və ya Çindən həddən artıq iqtisadi asılılıq barədə iddialarla müşayiət olunub.
O vurğulayıb ki, belə saxta məlumatlar sürətlə yayılır və ictimai rəyə təsir edərək, baş verənlər haqqında təhrif olunmuş mənzərə yaradır: "Bizim missiyamız yoxlanılmış, düzgün məlumatları yaymaqdan ibarətdir. Biz də birinci mənbədən məlumatların operativ çatdırılması üçün sosial şəbəkələrdən istifadə edirik".
D.Jiyenkulov, agentliyin məqsədinin ictimai şüura və əhalinin məlumatlılığına düzgün təsir göstərmək olduğunu əlavə edib.