“Yaş artdıqca uşaqlar ətrafda baş verən hadisələri daha yaxşı qavramağa başlayırlar. Bu zaman onlar özlərinə qarşı olan münasibəti dərk edir və buna uyğun reaksiya verirlər. Sevgi və qayğıdan məhrum olan uşaqlar özlərini tənh və yalqız hiss edir və zaman keçdikcə onlarda istər ailə üzvlərinə, istərsə də yaşıdlarına qarşı aqressiv münasibət göstərmək halları müşahidə edilir. Ümumilikdə isə aqressiya istənilən yaş qrupuna məxsus uşaqlarda ola bilər. Ona görə də valideynlərlə yanaşı, təhsil ocaqlarında fəaliyyət göstərən psixoloqlar onlarla mütəmadi ünsiyyət qurmalı və diskussiya aparmalıdırlar”.
Bu fikirləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Sona Əliyeva “İki sahil”ə açıqlamasında deyib.
Onun dediyinə görə, həmin hal birinci və yuxarı sinif şagirdləri arasında daha çox müşahidə olunur: “Birinci sinif şagirdləri məktəbə yeni qədəm qoyduqları üçün uyğunlaşma prosesi onlarda bir qədər çətin gedir. Yeddinci-səkkizinci sinif şagirdlərinin valideynləri isə övladlarının daha çox yeniyetməlik dövrünün problemlərindən əziyyət çəkdiklərini deyir, uşaqların emosional və çılğın olduğunu söyləyirlər. On birinci sinfin şagirdləri ali məktəbə daxil olmaq üçün qəbul imtahanlarına hazırlaşdıqları üçün onlarda da həmin hal müşahidə edilir. Ona görə həmin şagirdlər, onların müəllim və valideynləri ilə konsultativ söhbətlər aparılmalı, yönləndirici məsləhətlər verilməlidir”.
Müsahibimiz qeyd edib ki, yetkinlik dövründə olanlar daha çox ailədaxili münaqişələrə görə problem yaşayırlar. Bu zaman təkcə uşağın özü ilə deyil, onun valideynləri ilə də həmsöhbət olmaq vacibdir: “Onlara elə gəlir ki, valideynləri onlara qulaq asmır, eşitmir və ya başa düşmür. Valideynlər onlara nə qədər tənqidi formada yanaşsa, uşaqlarla ünsiyyət qura bilməyəcəklər. Ona görə uşaqlara vaxt ayırmaq, onları dinləmək və qulaq asmaq lazımdır. Bunu etmədikdə arada mübahisə və ya aqressiya yaranır”.
Həmçinin uşaq həmyaşıdları tərəfindən təcrid olunanda da təkcə onun özü ilə deyil, yoldaşları ilə də söhbət aparmaq lazımdır: “Çox vaxt həmin hadisələr sinif daxilində və ya tənəffüsdə olur. Ona görə də sinif yoldaşları ilə münasibətlərinin normal olması üçün arasındakı münasibətləri tənzimləmək və psixososial mühit yaratmaq lazımdır”,- deyə psixoloq bildirib. “Belə halların yaranmaması üçün valideynlərin üzərinə böyük vəzifə düşür. Uşaqları daim və diqqətdə saxlamaq, onlarla vaxt keçirmək və ən əsası, problemləri ilə yaxından maraqlanmaq lazımdır”,-deyə psixoloq bildirib.