2025-ci ildən başlayaraq qlobal səviyyədə 15 Dekabr – Dünya Türk Dili Günü qeyd edilir. Bu günün təşəbbüsü ilkin olaraq bu ilin 7 oktyabrında Azərbaycanın Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının Zirvə Görüşündə qardaş Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı Recep Tayyip Erdoğan tərəfindən irəli sürülüb. O, bildirib ki, belə bir günün qeyd edilməsi ilə bağlı UNESCO qarşısında məsələ qaldırılıb.
Qeyd edək ki, UNESCO 2025-ci ilin noyabrında özünün Səmərqənddə keçirilmiş 43-cü sessiyası çərçivəsində Türkiyə ilə bərabər Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın birgə təşəbbüsü ilə bu günü rəsmiləşdirib. 5 türk dövlətinin təşəbbüsünə daha 21 başqa dövlət də qoşulub.
Beləliklə, 15 dekabr 2025-ci ildə Bakının Binəqədi rayonundakı Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə sözügedən gün ilk dəfə olaraq geniş tədbirlə qeyd edilib.
Məktəbdən verilən xəbərə görə, tədbir öncəsi qonaqlar uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Daha sonra məktəbin akt zalında Azərbaycanın Dövlət Himninin canlı ifası, ardından da şəhidlərin ruhunun yad edilməsi ilə tədbir işinə başlayıb.
Tədbirə qonaq qismində qardaş türk ölkələrindən olan Türkiyənin Bakıdakı səfirliyinin mətbuat müşaviri Dr. Cihangir İşbilir və Kuzey Kıbrıs Türk Cümhuriyyəti Bakı təmsilçiliyinin təhsil müşaviri Leyla Güneş, həmçinin Əməkdar jurnalist Azər Həsrət qatılıb.
Leyla Güneş çıxışında özünün də bir təhsil işçisi olduğunu qeyd edib, Türk Dili Ailəsi Gününün önəminə diqqət çəkib. O, Azərbaycanla KKTC arasındakı münasibətlərin yüksələn xətt üzrə inkişafının sevindirici olduğunu deyib.
Leyla Güneş özəlliklə türk dövlətlərinin bayraqları arasında təmsil etdiyi türk dövləti – KKTC bayrağını da görmənin qürurunu yaşadığını vurğulayıb.
Dr. Cihangir İşbilir isə çıxışında türk dilinə bu qədər önəm verilməsi, eyni zamanda bir orta məktəbdə bu qədər vətənpərvərlik ruhunun olmasından məmnunluğunu dilə gətirib. O, belə özəl bir tədbirə dəvətə görə məktəb rəhbərliyinə təşəkkürünü bildirib, möhtəşəm görüntülərin könül açdığını deyib.
Azər Həsrət də qısa çıxışında 15 Dekabr – Dünya Türk Dili Ailəsi Gününün tarixçəsindən danışıb. O, eyni zamanda bu günün Danımarkalı alim Vilhelm Tomsenin 1893-cü ilin 15 dekabrında Orxon-Yenisey yazılarının türkcə olmasını kəşf etməsi ilə bağlı olduğunu qeyd edib.
Daha sonra şagirdlərin ifasında türk dili, türk kimliyi, türk dünyası ilə bağlı səhnələr nümayiş etdirilib, mahnılar ifa edilib. Azərbaycan da daxil olmaqla böyük türk coğrafiyasının tarixini özündə əks etdirən səhnələr özəlliklə qonaqların çox xoşuna gəlib. Bütün tədbir boyu Azərbaycanla yanaşı qardaş türk dövlətləri – Qazaxıstan, Qırğızıstan, Kuzey Kıbrıs Türk Cümhuriyyəti, Özbəkistan, Türkiyə, Türkmənistanın, həmçinin ayrı-ayrı türk topluluqlarının bayraqlarının dalğalandıdırlması təqdirlə qarşılanıb.
Tədbirin sonunda çıxış edən məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Dr. Almaz Həsrət qonaqlara və iştirakçılara təşəkkür edib. O, deyib ki, rəhbərlik etdiyi məktəb daim bu cür məsələlərə xüsusi diqqət yetirir, yetişən nəslin vətənpərvər ruhda böyüməsi üçün çalışır.
Tədbir xatirə fotosunun çəkdirilməsi ilə yekunlaşıb.
TƏBİB-də əczaçılıq şirkətləri və aptek təşkilatları ilə dərman təminatı müzakirə olunub
Eldar Əzizov: Görülən yüksək səviyyəli işlərin nəticəsində Bakı "Dünya İdman Paytaxtı" elan olunub