18 dekabr 2025 17:10
93

Nazir yeni sədrlə direktoru kollektivə təqdim etdi

Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun yeni sədri Nicat Məmmədli kollektivə təqdim edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təqdimat mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Nicat Məmmədlini yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir fondun təhsil sahəsində həyata keçirilən islahatların dəstəklənməsində mühüm rol oynadığını vurğulayıb, prioritet istiqamətlər və əsas hədəflər barədə fikirlərini bölüşüb.

E. Əmrullayev fondun fəaliyyətinin səmərəliliyinin artırılmasının, innovativ təşəbbüslərin dəstəklənməsinin və dövlət-özəl tərəfdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edib.

Tədbirdə çıxış edən N. Məmmədli ona göstərilən etimada görə təşəkkür edib, Təhsilin İnkişafı Fondunun fəaliyyətinin inkişafı istiqamətində məqsədyönlü və sistemli işlərin aparılacağını və bunun üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

* * *

Eyni zamanda, Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni direktoru İlqar Bayramlı kollektivə təqdim edilib.

Təqdimat mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev İlqar Bayramlını yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir peşə təhsilinin əmək bazarının tələblərinə uyğun kadr hazırlığında mühüm rol oynadığını qeyd edərək bu sahədə həyata keçirilən islahatlar və qarşıdakı dövr üçün əsas prioritetlər barədə danışıb.

Nazir ölkə Prezidenti cənab İlham Əliyevin “Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələri xüsusi qeyd edib, həmçinin işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsinin və peşə təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən İlqar Bayramlı göstərilən etimada görə təşəkkür edib, agentliyin fəaliyyətinin dövlət siyasətinə uyğun şəkildə daha da təkmilləşdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.