18 dekabr 2025 17:41
88

AQTA: Yeni il hədiyyə qutuları alarkən diqqətli olun

Yeni il hədiyyə qutularının satışının artması ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçılara müraciət edib.

“İki sahil” xəbər verir ki,  Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, uşaqlar üçün şirniyyatla dolu Yeni il hədiyyə qutuları yalnız mağazalar, yarmarkalar və digər rəsmi satış yerlərindən alınmalıdır.

Bəzi hallarda qutunun üzərində göstərilən tarix içərisindəki məhsulların deyil, qablaşdırmanın tarixi olur. Ona görə də istehlakçılara qutudakı məhsulların etiket məlumatlarına diqqət yetirmək tövsiyə olunur. Məhsulların üzərində istehsal tarixi, yararlılıq müddəti, adı, əmtəə nişanı, xalis çəkisi, qida dəyərliliyi, eləcə də istehsalçı müəssisənin adı və ünvanı aydın və oxunaqlı şəkildə göstərilməlidir.

Bütün bunlarla yanaşı, hədiyyə qutularının qablaşdırılmasının deformasiyaya uğramamasına, əzilməməsinə və korlanmamasına diqqət yetirilməlidir: “Xüsusi saxlanma şəraiti tələb edən, müvafiq temperatur rejimi qorunmadıqda tez xarab olan yoqurtlar, kremli qənnadı məhsulları və kəsmik içlikli məmulatların bu cür qutulara yerləşdirilməsi məqsədəuyğun deyil. Xahiş olunur ki, qida məhsullarının tərkibi, yararlılıq müddəti, saxlanma şəraiti və digər hallarla bağlı şübhələr yaranacağı təqdirdə, bu barədə agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat versinlər, - deyə məlumatda bildirilir.