26 dekabr 2025 15:11
97

Yaponiya hökuməti REKORD MÜDAFİƏ BÜDCƏSİNİ TƏSDİQLƏYİB

Yaponiya hökuməti 2026-cı il üçün tarixdə ən böyük həcmə malik müdafiə büdcəsi planını təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Büdcənin həcmi 9 trilyon iyenanı (təxminən 58 milyard ABŞ dolları) ötür.

Müdafiə büdcəsindən təxminən 970 milyard iyen (6,2 milyard dollar) uzaqmənzilli raket silahlarının alınmasına yönəldiləcək. Bu məbləğin 177 milyard iyeni (1,13 milyard dollar) təxminən 1000 km mənzilə malik “yer–gəmi” sinifli raketlərə ayrılacaq. Sahil mühafizəsi üçün Yaponiya 100 milyard iyen (640 milyon dollar) məbləğində səth və sualtı pilotsuz aparatların alınmasını planlaşdırır.

Yaponiyanın baş naziri Sanae Takaici bildirib ki, Tayvan ətrafındakı böhran ölkə üçün “ekzistensial təhlükə” yarada bilər. Vəziyyət pisləşərsə, Tokio “kollektiv özünümüdafiə hüququndan” istifadə edəcək.

Çin Xalq Respublikasının hakimiyyəti isə Yaponiyanın baş nazirinin bu açıqlamalarını ölkənin daxili işlərinə birbaşa müdaxilə kimi qiymətləndirib. Dekabrın əvvəlində Yaponiyanın qırıcı təyyarələri Miyako boğazında Çin aviadaşıyıcı qrupunun təlimlərinə mane olmağa cəhd göstərmişdi.