28 dekabr 2025 00:13
106

Almaniyada metallurgiya və elektrotexnika sahələrində minlərlə iş yerinin itirilməsi proqnozlaşdırılır

Almaniyanın metallurgiya və elektrik sənayesi işəgötürənləri həmkarlar ittifaqı ("Gesamtmetall") 2026-cı ildə metallurgiya və elektrotexnika sahələrində on minlərlə iş yerinin itirilməsini proqnozlaşdırır.

“İki sahil” xəbər verir ki,  bu fikri "Gesamtmetall"ın rəhbəri Oliver Çander "Bild" qəzetinə verdiyi şərhdə bildirib. Birliyin fikrincə, bunun səbəbi alman müəssisələri üçün yüksək istehsal xərcləridir. "Şirkətlər istehsal güclərinin qeyri-səmərəli istifadəsi ilə barışa bilməz. Hazırda biz ayda təxminən 10 min iş yeri itiririk. Almaniyada vergilər, enerji və işçi qüvvəsi xərcləri o qədər yüksəkdir ki, burada istehsal bir çox şirkətlər üçün sadəcə mənfəətsiz olub", - o deyib.

Çander vurğulayıb ki, bu sektorda məşğulluq artıq 21 aydır davamlı olaraq azalır və bu tendensiya qısamüddətli perspektivdə dəyişməyəcək. Oktyabrın sonuna qədər Almaniyanın metallurgiya və elektrotexnika sektorunda 3,816 milyon nəfər çalışırdı. "Gesamtmetall"ın rəhbəri Almaniya hökumətini Avropa İttifaqında (Aİ) bürokratiyanın azaldılması üzərində daha fəal işləməyə çağırıb. O bildirib ki, bu il Avropa Komissiyası tərəfindən qəbul edilən icbari hüquqi aktların və düzəlişlərin sayı üzrə yeni rekord qeydə alınacaq.

"Kansler Fridrix Mertsin təklifi ilə Avropa dövlət və hökumət başçıları 13 fevral 2026-cı ildə Aİ-nin rəqabətqabiliyyətliliyini artırmağı nəzərdə tuturlar. Çox vacibdir ki, orada hüquqi aktların sayının azaldılması barədə qərar da qəbul edilsin", - Çander fikrini yekunlaşdırıb.