30 dekabr 2025 09:36
92

Suriya Prezidenti yeni əsginasların dizaynını təqdim edib

Suriya Prezidenti Əhməd əl-Şaraa keçmiş prezident Bəşər Əsəd və onun atası Hafiz Əsədin portretləri əvəzinə üzərində çiçəklər, portağal və zeytun təsvirləri olan yeni əsginasların dizaynını təqdim edib.

“İki sahil” xəbər verir ki,  bu barədə Suriyanın rəsmi xəbər agentliyi SANA məlumat yayıb. Prezident bildirib ki, ölkədə yeni əsginasların dövriyyəyə buraxılması denominasiya prosesi ilə bağlıdır və bu addım Suriya üçün bir dövrün başa çatdığını, yeni mərhələnin isə başlandığını simvolizə edir. Onun sözlərinə görə, üzərində tut, portağal, zeytun və buğda sünbülləri təsvir olunan yeni əsginaslar ölkənin mədəni və təbii irsini əks etdirir, eyni zamanda dollar asılılığının azaldılması məqsədi daşıyır.

Qeyd edək ki, dəyişiklikdən əvvəl 2000 Suriya funtluq əsginasın üzərində Bəşər Əsədin, 1000 funtluq əsginasda isə onun atası Hafiz Əsədin portreti yer alırdı. Digər əsginaslarda isə Suriyanın mədəni irs obyektlərinin təsvirləri istifadə olunurdu.