31 dekabr 2025 15:02
89

Türkiyə Silahlı Qüvvələri bundan sonra da ölkənin milli maraqlarından geri çəkilməyəcək

Türkiyə Silahlı Qüvvələri Balkan və Qafqaz regionlarindan Yaxın Şərqə və Afrikaya qədər geniş məkanda qarşıya qoyulan bütün vəzifələri məsuliyyətlə yerinə yetirərək, beynəlxalq təhlükəsizlik arxitekturasının əvəzolunmaz və səmərəli tərkib hissəsi kimi çıxış edir.

“İki sahil” xəbər verir ki, bu fikri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Yeni il münasibətilə yaydığı müraciətində bildirib. O, Türkiyə Silahlı Qüvvələrinin missiyasını “Respublikanın və xalqın maraqlarının qorunması əzminin təcəssümü” kimi xarakterizə edib.

Nazir söyləyib ki, qlobal qeyri-müəyyənliyin artması, region üçün yeni risklərin və təhdidlərin formalaşması fonunda güclü ordusu, çoxşaxəli diplomatiyası və qətiyyətli rəhbərliyi olan Türkiyə sülhə, sabitliyə və ədalətə töhfə vermək kursunu davam etdirir.

Y. Gülər vurğulayıb ki, Türkiyə Silahlı Qüvvələri bundan sonra da ölkənin keşiyində dayanacaq və milli maraqlardan geri çəkilməyəcək.

Milli müdafiə naziri Türkiyə Ordusunun ölkə qarşısında duran vəzifələrin yerinə yetirilməsinə verdiyi töhfəni, o cümlədən regionda terrorizm təhlükəsinə qarşı mübarizə kontekstində rolunu xüsusi vurğulayıb.

Bununla bağlı o, həmçinin Kipr türklərinin maraqlarının müdafiəsinin əhəmiyyətinə diqqət çəkib.

Nazir, həmçinin Ankaranın NATO-nun məqsəd və vəzifələrinə töhfə vermək əzmini qeyd edib, Şimali Atlantika Alyansının 2026-cı ildə Türkiyədə keçirilməsi planlaşdırılan sammitinə toxunub.