02 yanvar 2026 18:51
92

Əlcəzairin “həssas” regionunda çəkilişlər aparan fransız cütlük ölkədən çıxarılıb

Əlcəzair blogerliklə məşğul olan iki fransızı ölkədən deportasiya edib. Buna səbəb kimi, Əlcəzairin cənubunda yerləşən dağlıq əl-Qabəil regionunda video və fotoçəkiliş etmələri göstərilir.

“İki sahil”  “əş-Şarq əl-Avsət” qəzetinə istinadla xəbər verir ki, bir separatçı qurum tərəfindən dekabrın 14-də Parisdə əl-Qabəilin “müstəqilliyi”nin elan edilməsindən sonra bura “həssas” regiona çevrilib. Qeyd olunur ki, bu “müstəqillik” fikri yerli əhali tərəfindən müsbət qarşılanmayıb. 

Fransız blogerlərin bildirdiyinə görə, Əlcəzairin əl-Qabəil regionuna səfərlərinin məqsədi oranın gözəl mənzərələrini, səhra həyatını, mədəni irsini çəkib göstərmək olub. Lakin onlar polis tərəfindən bir neçə dəfə saxlanılıb və çəkiliş avadanlıqları müsadirə edilib. Daha sonra onlar dekabrın sonunda təyyarə ilə Parisə yola salınıblar.

Qeyd edək ki, bundan əvvəl - dekabrın əvvəlində digər Fransa jurnalisti Kristof Qliz barəsində “terroru təbliğ etmək” ittihamı ilə 7 il həbs hökmü çıxarılıb. Dekabrın 24-də Əlcəzair parlamenti Fransanın ölkədə müstəmləkə dövrünü cinayət hesab edən qanun qəbul edib. Əlcəzair bu qanuna əsasən, Fransanın rəsmən üzr istəməsini və təzminat ödəməsini tələb edir.