07 yanvar 2026 13:27
973

Prezidentin mesajları ölkəmizin uğurlarını, regional mövqeyini və gələcək inkişaf planlarını əks etdirir - EKSPERT AÇIQLAYIR - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə ölkənin daxili və xarici siyasəti ilə aktual mövzulara geniş toxunub. Dövlət başçısı həm ötən dövrdə görülmüş işləri qiymətləndirib, həm də qarşıda duran strateji hədəfləri və prioritetləri diqqətə çatdırıb, eyni zamanda, Azərbaycan cəmiyyətini və beynəlxalq ictimaiyyəti maraqlandıran bir sıra mühüm məsələlərə prinsipial və aydın münasibət bildirib. Bu çıxış ölkənin gələcək inkişaf istiqamətləri və prioritetləri baxımından vacib mesajlarla yadda qalıb.

Bu fikirləri siyasi şərhçi Azər Həsrət İkisahil.TV-yə açıqlamasında bildirib.

907-ci düzəlişi Azərbaycana qarşı ciddi siyasi ədalətsizlik

A.Həsrət qeyd edib ki, Prezident İlham Əliyev müsahibəsində 2025-ci ili ölkə üçün tarixi mərhələ kimi qiymətləndirib. Dövlət başçısı bildirib ki, məhz bu il Ermənistan-Azərbaycan münaqişəsinə siyasi baxımdan tam son qoyulub və Azərbaycan döyüş meydanında qazanılan qələbəni beynəlxalq siyasi müstəvidə rəsmiləşdirib. Avqust ayında ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona edilən səfər, Ağ Evdə keçirilən görüşlər və BMT Baş Assambleyasında səsləndirilən mövqelər bu prosesin zirvə nöqtəsi olub. Prezident vurğulayıb ki, əldə olunan razılaşmalar təkcə Azərbaycan üçün deyil, bütövlükdə regionda sülh və sabitlik üçün mühüm əhəmiyyət daşıyır. Artıq ölkə sülh şəraitində yaşayır və bu, həm siyasi, həm də iqtisadi sahədə öz müsbət nəticələrini göstərir. Dövlət başçısı müsahibəsində 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilən 907-ci düzəlişi Azərbaycana qarşı ciddi siyasi ədalətsizlik kimi qiymətləndirib. O bildirib ki, həmin qərarın qəbulunda o dövrdə ölkəyə rəhbərlik edən qüvvələrin səriştəsizliyi və diplomatik fəaliyyətsizliyi mühüm rol oynayıb. Həmin vaxt hakimiyyət Azərbaycanın haqq səsini beynəlxalq müstəviyə çıxarmaq iqtidarında olmayıb və nəticədə erməni lobbisinin təsiri ilə Konqresdə ölkəmizə qarşı qərəzli mövqe formalaşıb. Prezident bildirib ki, əgər Azərbaycan vaxtında və prinsipial mövqe sərgiləsəydi, ABŞ administrasiyası məsələyə fərqli yanaşa bilərdi. Tramp administrasiyasının hakimiyyətə gəlişi ilə vəziyyət köklü şəkildə dəyişib. Prezident İlham Əliyev vurğulayıb ki, hazırda Amerika-Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlib və ABŞ Konqresindən gözlənti ondan ibarətdir ki, keçmişin qalığı, bu gün isə tamamilə əsassız və absurd xarakter daşıyan 907-ci düzəlişi birdəfəlik aradan qaldıracaq. Dövlət başçısı diqqətə çatdırıb ki, nə o vaxt blokada var idi, nə də bu gün: “Əksinə, bu gün Azərbaycan ərazisindən Ermənistana müxtəlif yerlərdən yüklər gedir, yollar açıldı və hətta Azərbaycanın neft məhsulları Ermənistana ixrac edilir. Hansı blokadadan söhbət gedə bilər?! Əgər 907-ci düzəlişin formal səbəbi blokada idisə, bu yoxdur bu gün. Ona görə əlbəttə, biz gözləyirik ki, Tramp administrasiyası öz imkanlarından istifadə edərək Konqres üzvlərini, xüsusilə Respublikaçılar partiyasının üzvlərini inandıra biləcək ki, bu düzəliş tamamilə aradan qaldırılmalıdır və buna ümid etmək üçün kifayət qədər səbəblərimiz var. Bu gün bu, yenə də simvolik xarakter daşısa da, masanı tamamilə keçmişin qalıqlarından təmizləmək üçün Konqres bunu birdəfəlik ləğv etməlidir”.

Çinlə münasibətlər yeni mərhələyə yüksəlib

Siyasi şərhçi diqqətə çatdırıb ki, əldə olunan nəticələrin ümumi mənzərəsi fonunda xarici siyasət sahəsində qazanılan uğurlar da xüsusi diqqət çəkir. Prezident İlham Əliyev 2025-ci ildə Azərbaycanın xarici siyasətində mühüm nailiyyətlərlə yadda qalan bir sıra hadisələri vurğulayıb. Dövlət başçısı bu baxımdan ən önəmli uğurlardan biri kimi Çinlə münasibətlərin yeni mərhələyə yüksəlməsini qeyd edib. Onun Çinə dövlət səfəri zamanı imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycanın aparıcı dünya gücləri ilə əlaqələrinin dərinləşməsini və ölkəmizin uğurlu diplomatiyasını nümayiş etdirən bariz nümunə kimi qiymətləndirilib. Prezident İlham Əliyev, həmçinin Azərbaycanın D-8 təşkilatına üzv olmasını 2025-ci ilin digər mühüm xarici siyasət nailiyyəti kimi dəyərləndirib. Təxminən 30 il ərzində yeni üzv qəbul etməyən bu nüfuzlu quruma ilk dəfə dəvət olunması ölkəmizə göstərilən yüksək hörmətin və Azərbaycanın müstəqil, balanslı xarici siyasətinin nəticəsi kimi qiymətləndirilib. Dövlət başçısı qeyd edib ki, bir milyarddan artıq əhalini və trilyonlarla dollarlıq iqtisadi potensialı birləşdirən D-8 çərçivəsində Azərbaycan artıq fəal fəaliyyətə başlayıb və ölkəmizin təşəbbüsü ilə media, iqlim, ekologiya, energetika və nəqliyyat sahələrini əhatə edən bir neçə mərkəz yaradılıb.

A.Həsrət  diqqətə çatdırıb ki, regional təhlükəsizlik sisteminin möhkəmləndirilməsi və ortaq maraqlara söykənən əməkdaşlığın genişləndirilməsi məsələsi xüsusi aktuallıq kəsb edir. Bu baxımdan Prezident İlham Əliyev Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Sammitində çıxışı zamanı türk dövlətləri arasında hərbi əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayıb. Həmin fikirlərə müsahibədə aydınlıq gətirən dövlət başçısı bildirib ki, müasir dünyada təhlükəsizliyin əsas təminatı güclü hərbi potensial, müttəfiqlik və qarşılıqlı dəstəkdir. O, üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edib və bunun həm rəmzi, həm də praktiki əhəmiyyət daşıdığını qeyd edib. Prezident İlham Əliyev eyni zamanda vurğulayıb ki, Azərbaycan güc tətbiq etmək imkanına malik olsa da, haqq və ədalət prinsiplərinə sadiq qalaraq məsuliyyətli mövqe nümayiş etdirir və məhz bu yanaşma ölkəmizin müdrik və güclü dövlət kimi mövqeyini möhkəmləndirir. Bu gün Azərbaycan Respublikasının xarici borcu tarixdə ən aşağı səviyyədədir və hesablamalara əsasən ÜDM-in 6,3-6,4 faizini təşkil edir. Ölkənin ehtiyatları xarici borcu 16-17 dəfə üstələdiyindən, bu borcu rahatlıqla geri ödəmək mümkündür. Konkret rəqəmin göstərilməməsi isə ötən il strateji məqsədlə qızıl ehtiyatlarının artırılması barədə qəbul edilmiş qərarla bağlıdır. Geosiyasi vəziyyəti diqqətlə izləyən dövlətimiz qızılın qiymətinin artacağını proqnozlaşdırmış və bu qərar nəticəsində Dövlət Neft Fondu yalnız qızıl ehtiyatlarının artırılması sayəsində 10 milyard ABŞ dollarından çox vəsait qazanmışdır. Qeyd edilib ki, qızılın qiyməti aşağı düşərsə, ehtiyatlar da müvafiq şəkildə azalacaq. Bu gün ölkəmizin ehtiyatları gündəlik olaraq dəyişir və 83-84 milyard ABŞ dolları həcmindədir, bəzən isə 85 milyardı da ötür. Buna baxmayaraq, adambaşına düşən ehtiyatlar baxımından bu, hər hansı bir ölkə üçün ən yüksək göstəricilərdən biridir. Bu maliyyə dayanıqlığı fonunda Prezident İlham Əliyev Azərbaycanın enerji sahəsində strateji imkanlarını da genişləndirdiyini vurğulayıb. Ölkə yalnız iqtisadi baxımdan deyil, həm də bərpaolunan enerji mənbələri vasitəsilə davamlı inkişaf və enerji təhlükəsizliyini təmin etmək istiqamətində mühüm addımlar atır. Dövlət başçısı bildirib ki, Azərbaycan bərpaolunan enerji mənbələrinə xüsusi önəm verir və bu sahədə geniş perspektivlər mövcuddur. Ölkənin əsas məqsədi təbii imkanlardan maksimum istifadə etməkdir. Külək enerjisi potensialı 150 giqavatdan artıq olan Azərbaycanda Günəş enerjisi də geniş imkanlar təqdim edir. Xəzər dənizinin külək enerjisi potensialı da kifayət qədər yüksəkdir və bundan istifadə etməmək günah olardı. Bu imkanların dünya energetika bazarına təqdim olunması maraqla qarşılanıb. Hazırda əsas investorlardan biri Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti olub və 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa edib. İkinci stansiya Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən 240 meqavat gücündə tikilir. Üçüncü stansiya isə BP şirkəti tərəfindən Cəbrayıl rayonunda 240 meqavat gücündə qurulur. Eyni zamanda, Çin və Türkiyə şirkətləri də layihələrə maraq göstərir, yerli şirkətlər də artıq bu işlərə qoşulub. Günəş və külək elektrik stansiyalarının xəritəsi təsdiqlənib, həm quruda, həm də dənizdə, o cümlədən azad edilmiş torpaqlarda stansiyalar planlaşdırılır. Dövlət başçısı bildirib ki, 2030-cu ilə qədər 6,000 meqavat, 2032-ci ilə qədər isə 8,000 meqavat Günəş, külək və su enerjisi sistemə daxil ediləcək. Bu məqsədlə enerji sisteminin gücləndirilməsi və batareya saxlanc sistemlərinin qurulması prioritetdir. Prezident qeyd edib ki, bərpaolunan enerji texnologiyaları informasiya texnologiyaları və süni intellekt sahələrinin inkişafına da töhfə verəcək və bu sahədə Azərbaycanın regional liderliyini möhkəmləndirəcək.

Azər Həsrət əlavə edib ki, Prezident İlham Əliyevin vurğuladığı strateji yanaşmalar Azərbaycanın iqtisadiyyat, enerji və regional təhlükəsizlik sahələrində möhkəm mövqeyini təmin edir. Maliyyə dayanıqlığının gücləndirilməsi, bərpaolunan enerji mənbələrinin inkişafı və regionda liderlik təşəbbüsləri ölkəmizin davamlı inkişafa doğru irəliləməsini və gələcək illərdə strateji imkanlarının genişlənməsini təmin edir.

Şəmsiyyə Əliqızı, “İki sahil”