16 yanvar 2026 17:36
201

Gündəlik qorxular nə zaman PSİXOLOJİ PROBLEMƏ ÇEVRİLİR? - PSİXOLOQ İZAH EDİR

Psixoloq: Fobiyalara qadınlarda daha çox rast gəlinir

Ətrafımızda tez-tez rast gəldiyimiz, lakin mahiyyətinə dərindən varmadan gündəlik qorxu kimi qəbul etdiyimiz hallar var ki, onlar insan həyatına ciddi psixoloji təsir göstərir. Bəzən səbəbi izah olunmayan təşviş, müəyyən məkanlardan, situasiyalardan və ya obyektlərdən qaçmaq istəyi, ürəkdöyünmə və panik hisslə müşayiət olunan bu durumlar əslində fobiya adlanan psixoloji pozuntunun əlamətləri ola bilər. Müasir dövrdə artan stress, sosial təzyiqlər və travmatik təcrübələr fonunda fobiyalar təkcə fərdi problem kimi deyil, cəmiyyət üçün də aktuallıq kəsb edən mövzuya çevrilir. Xüsusilə uşaqlıqdan formalaşan və zamanla dərinləşən bu qorxular insanın sosial həyatını məhdudlaşdırır, gündəlik fəaliyyətini çətinləşdirir və bəzən onu təkliyə sürükləyir. Fobiyaların yaranma səbəbləri, hansı formalarda özünü göstərməsi və bu problemdən çıxış yolları isə əksər hallarda diqqətdən kənarda qalır.

Uşaqlıqdan başlayan və dərinləşən qorxu zənciri

Mövzunun psixoloji tərəflərinə aydınlıq gətirmək və fobiyaların mahiyyətini daha dolğun anlamaq üçün psixoloq Günay Kərimiyə müraciət etdik. O, “İki sahil”ə açıqlamasında bu məsələyə dair vacib məqamlara toxundu. Bildirdi ki, fobiya təşviş və qorxu hissi ilə müşahidə olunan psixoloji haldır: “Fobiyanın kökündə əsasən qorxular dayanır. Bu hal kiçik yaşlardan etibarən formalaşa bilir. Xüsusilə ailəsində təşviş pozuntusu olan uşaqlarda fobiyaların yaranma ehtimalı daha yüksək olur. Bir çox hallarda fobiyalar valideynlərin və yaxın çevrənin qorxularının uşaqlarda formalaşmış bir növ “əks-sədası” kimi ortaya çıxır.
Fobiyaların növləri çoxdur və müxtəlif formalarda özünü göstərir. Ən çox müşahidə olunanlar sosial fobiyalardır. Sosial fobiyadan əziyyət çəkən insanlar ictimai yerlərdə danışmaqdan, nəqliyyatdan istifadə etməkdən, diqqət mərkəzində olmaqdan çəkinir və qorxu hissi yaşayır. Bununla yanaşı, bir çox insanlar spesifik fobiyalarla da üzləşir. Qapalı məkanlar, lift, təyyarə, müəyyən heyvanlar və ya konkret obyektlər bu qorxuların mənbəyinə çevrilə bilir”.

Psixoloji risk faktorları

Günay Kərimi qeyd etdi ki, fobiyaların yaranmasında həm genetik, həm də ətraf mühit faktorları mühüm rol oynayır: “Ailədə təşviş pozuntusu, panik atak halları müşahidə olunursa, bu vəziyyətin digər ailə üzvlərində də ortaya çıxma ehtimalı artır. Kiçik yaşlarından tez-tez qorxudulan, həddindən artıq mühafizə olunan, dominant ailə mühitində böyüyən və ya şiddətə məruz qalan uşaqlarda gələcəkdə fobiyaların formalaşma riski daha yüksək olur.
Fobiya hər hansı bir vəziyyətə, obyektə, heyvana və ya mühitə qarşı həddindən artıq, idarəolunmaz qorxu hissidir. Statistik müşahidələrə əsasən, fobiyalara qadınlarda daha çox rast gəlinir. Fobiyaların simptomları çox vaxt panik atakla oxşarlıq təşkil edir. Hər iki halda qorxu insanın düşüncəsini tam nəzarətə alır, panik hiss yaranır, ürək döyüntüsü sürətlənir, nəfəs darlığı, təzyiqin ani enməsi, ürəkgetmə kimi hallar baş verir.

Uzun müddət stress yaşayan insanlarda, keçmişdə travmatik hadisələr yaşamış şəxslərdə də fobiyaların yaranma ehtimalı yüksək olur. Bu problemlər ən çox uşaqlıq, yeniyetməlik və gənclik dövründə meydana çıxır. Müalicə isə hər bir insan üçün fərdi şəkildə aparılmalıdır. Bəzi hallarda yalnız psixoterapiya kifayət edir, bəzən isə dərman müalicəsi ilə paralel yanaşma tələb olunur. Müalicəyə nə qədər tez başlanarsa, fobiyalardan qurtulmaq bir o qədər asan olur”.
Aqorafobiya: açıq məkan qorxusu

Psixoloq vurğuladı ki, bu gün cəmiyyətdə aqorafobiya da geniş yayılıb: “Aqorafobiya zamanı insan teatr, kino, hətta küçədə tək qalmaqdan belə qorxu hissi keçirir. Bu səbəbdən belə şəxslər insanların sıx olduğu məkanlara tək getməkdən çəkinir, daha çox ailə üzvləri və ya yaxınları ilə birlikdə olmağa üstünlük verir. Əsəb və təşviş pozuntuları fobiyaların yaranmasına zəmin yaradan əsas amillərdəndir.
Fobiyaların mənbələri çoxşaxəlidir və müalicənin əsas yolu psixoterapiya hesab olunur”. 

Nigar Orucova, “İki sahil”