2020-ci illərdə doğulan uşaqlar risk altındadır
Yeni aparılan araşdırma göstərir ki, 2020-ci illərdə doğulan uşaqlar gündəlik tövsiyə olunan ekran vaxtının təxminən iki qatını bu cihazın qarşısında keçirirlər.
Tədqiqatların nəticələrinə görə, təzə-təzə yeriməyə başlayan uşaqların televizora, video-oyunlara və digər rəqəmsal məzmunlara uzun müddət məruz qalması nitqin inkişafının zəifləməsi, eləcə də emosional və davranış problemlərinin yaranma riskinin artması ilə əlaqəlidir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2-4 yaşlı uşaqların gündəlik ekran qarşısında bir saatdan çox vaxt keçirməməsini tövsiyə edir. Lakin son araşdırmada iki yaşlı uşaqların gündə orta hesabla iki saat ekran qaşısında vaxt keçirdikləri müəyyən edilib.
İngiltərədə iki yaşlı uşaqların qayğısına qalan 4 min 700-dən çox valideyn və dayədən toplanan məlumatların təhlili əsasında aparılan araşdırmada iştirakçılara uşaqların evdəki öyrənmə mühiti, ekran qarşısında keçirdikləri vaxt, emosional vəziyyətləri və davranışları ilə bağlı suallar ünvanlanıb. Eyni zamanda, valideynlərin öz psixoloji vəziyyəti, rifah səviyyəsi və sağlamlıq durumu da araşdırılıb. Uşaqların danışıq zamanı istifadə etdikləri söz ehtiyatını ölçmək üçün xüsusi qiymətləndirmə aparılıb. Araşdırmanın nəticələrinə əsasən, gün ərzində ekran qarşısında ən çox vaxt keçirən uşaqların (orta hesabla 5 saat) söz ehtiyatı testlərində, daha az ekrana baxan uşaqlarla (orta hesabla 44 dəqiqə) müqayisədə xeyli aşağı nəticə göstərdiyi üzə çıxıb. Bundan əlavə, ekran vaxtı ən yüksək olan iki yaşlı uşaqlarda emosional və davranış problemlərinin yaranma ehtimalının iki dəfə çox olduğu müəyyən edilib. Valideynlərin gəlir səviyyəsi və təhsili kimi amillər nəzərə alındıqdan sonra da bu əlaqə öz qüvvəsini saxlayıb.
Araşdırma zamanı depressiya əlamətləri bildirən valideynlərin uşaqlarının televizora və digər rəqəmsal məzmunlara daha uzun müddət baxdığı da aşkar edilib. Digər tərəfdən, valideynlə birlikdə kitab oxumaq, oyun oynamaq, rəsm çəkmək və boyama kimi fəaliyyətlərin erkən nitq bacarıqlarının inkişafı ilə güclü əlaqəsi olduğu vurğulanır.

“University College London”un tədqiqatçısı və araşdırmanın müəllifi Lorel Fiş bildirib ki, “2020-ci illərin uşaqları” adlı bu araşdırmanın əsas xüsusiyyəti erkən yaşlarda rəqəmsal mediaya məruz qalmanı ön plana çıxarmasıdır və əldə olunan nəticələr İngiltərədə azyaşlı uşaqlar arasında bu tendensiyanın nə qədər geniş yayıldığını aydın şəkildə göstərir. Araşdırma, həmçinin ekran qarşısında keçirilən vaxt ilə sosial-iqtisadi vəziyyət arasında güclü əlaqənin mövcudluğuna diqqət çəkir. İqtisadi baxımdan daha çətin şəraitdə yaşayan və ya depressiya əlamətləri göstərən ailələrdə böyüyən iki yaşlı uşaqların ekrandan istifadəsi daha yüksəkdir.
Tədqiqatçılar qeyd ediblər ki, ekran qaşısında keçirilən vaxtın erkən uşaqlıq dövründəki inkişaf fərqlərinin birbaşa səbəbi olduğunu qəti şəkildə sübut etmək mümkün olmasa da, bu məsələnin ciddi şəkildə nəzərə alınması və ailələrə düzgün tövsiyələrin verilməsi vacibdir.
Həkim Lorel Fiş əlavə edib ki, valideynlər çox vaxt ekran qarşısında keçirilən vaxtı müasir ev həyatının çətinlikləri ilə mübarizə aparmaq, həddindən artıq həyəcanlı, kədərli və ya yorğun uşaqları sakitləşdirmək, eləcə də uşaq mahnıları, erkən oxu-yazı və riyazi bacarıqları inkişaf etdirən məzmunlara çıxış əldə etmək üçün faydalı vasitə kimi qiymətləndirirlər.
Şahnigar Əhmədova, “İki sahil”
Avropa üçün strateji əhəmiyyətimiz artır: AZƏRBAYCAN QAZI AVSTRİYA VƏ ALMANİYADA