21 yanvar 2026 19:23
96

20 Yanvar şahidi: Bütün bunlar məni dəhşətə gətirdi

“1990-cı ilin  20 yanvar tarixi Azərbaycan xalqının azadlıq mübarizəsində dönüş nöqtəsi, milli yaddaşımıza həkk olunmuş faciəvi və eyni zamanda qəhrəmanlıq dolu gün kimi tariximizə həkk olunub. Həmin gecə Sovet ordusunun Bakıya yeridilməsi nəticəsində dinc əhaliyə qarşı misli görünməmiş zorakılıq törədildi. Amma bütün bunlar xalqımızın azadlıq əzmini sındıra bilmədi. Tankların və silahların qarşısına əliyalın çıxan soydaşlarımız azadlıq uğrunda canlarını fəda edərək tarix yazdılar və gələcək müstəqil dövlətin təməlini qoydular. Bugünkü Azərbaycan sonrakı uğurlarına, həmçinin beynəlxalq birlikdə layiqli yer tutmasına görə 20 Yanvar şəhidlərinə borcludur. Hətta deyərdim ki, öz suvernliyini bərpa etmiş Azərbaycan dövləti 20 Yanvar şəhidlərinin əzmkarlığı sayəsində bu səviyyəyə çatıb. Odur ki, onların xatirəsi dövlətimiz, xalqımız tərəfindən əziz tutulur, ruhları böyük hörmət və ehtiramla anılır. Elə Bakıdakı və regionlardakı xatirə komplekslərini yüz minlərlə insanın ziyarət etməsi dediklərimin sübutudur”.

Bu fikirləri həmin gecənin şahidi olmuş, uzun müddət Quba Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsində çalışmış, hazırda təqüddə olan  “Tərəqqi medal”lı, Əməkdar mühəndis Nazir Dadaşov “İki sahil” qəzetinə açıqlamasında söylədi.

Müsahibimizin sözlərinə görə, həmin gün, həmçinin ondan sonrakı günlər onun qan yaddaşına elə həkk olunub ki, silinməsi əsla mümkün deyil: “Mən vacib işlərimlə əlaqədar yanvar ayında ailəmlə birgə rayondan  Bakıya gəlmişdim. Yanvarın 19-da ailəmi indiki Heydər Əliyev Sarayının yaxınlığında yaşayan qohumlarımdan birini mənzilində yerləşdirib axşamüstü indiki Azadlıq prospektində yerləşən “Muğan” mehmanxanasında qalan tanışıma baş çəkməyə gəldim. Təxminən saat 8 olardı. Həmin tanışımla televizora baxarkən qəflətən yayım kəsildi. Az sonra rus əsgərləri tərəfindən televiziyanın enerji blokunun partladılması xəbərini eşitdik. Nə baş verdiyini öyrənmək məqsədilə oradakı insanlarla birgə pəncərələrdən, həmçinin balkonlardan boylanmağa başladım. Kolon halında yeriyən əsgərləri gördüm. Elə balkondan yenicə ayrılmışdım ki, mənim boylandığım balkon atəşə tutuldu. Gecə isə təxminən saat 12 radələrində şəhərin digər yerlərindən atəş səsləri gəlməyə başladı. Sonradan öyrəndim ki, sən demə, güllələrdən biri mehmanxananın yaxınlığındakı binaların birindən küçəyə boylanan bir qadına tuş gəlibmiş. Bununla da 70 il ərzində sülhpərvər missiyanın daşıyıcısı kimi təbliğ olunan Sovet ordusu barədə düşüncələrimdəki mif alt-üst oldu.

Mehmanxanadan çıxmaq istəyəndə rəhbərlik bayıra çıxmağın mümkünsüzlüyünü bildirdi. Gecəni birtəhər orada keçirməli oldum. Səhər açılar-açılmaz mehmanxananı tərk etməyə müvəffəq oldum. Çıxanda dedilər ki, harada rus əsgərləri görsən qaçma, gizlənməyə çalışma, əks halda gülləyə tuş gələ bilərsən. Mən indiki ABŞ səfirliyinin yanına çatanda tankların, zirehli transportyorların yanında olan uzunsaçlı silahlı rus əsgərərinin heç bir sorğu-sual etmədən mülki insanları saxladıqlarını gördüm. Şəhərdə fövqəladə vəziyyət radio vasitəsilə yanvarın 20-si səhv etmirəmsə, saat 6-7 arası elan olunmuşdu. Əhali, o cümlədən mən də bundan xəbərsiz idim. İstiqamətimi dəyişib Bakıxanov küçəsinə, Sevil Qazıyevanın büstü tərəfə gəldim. Burada da  hərbi texnikanı, həmçinin silahlı rus əsgərlərini gördüm. Onlardan birtəhər yayındım. Nə gizlədim, əl-ayağım əsirdi.  Köhnə avtovağzalın yaxınlığına -“Spartak” stadionu tərəfə gələndə dəhşət məni bürüdü. O istiqamətdə nələrin şahidi oldum, ilahi... Əzilmiş minik avtomobilləri, yük maşınları, asfaltın üstündə cəsədlər. Bütün bunlar isə tankların, zirehli transportyorların Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzdiyinin, hərbçilərin hər yanı amansız atəşə tutmasını göstərirdi. Bütün bunlar məni dəhşətə gətirdi. Elə oradaca vəziyyətim pisləşdi. Hətta özümü ailəmə necə çatdırdığımı da əməlli-başlı xatırlamıram”.    

Qvami Məhəbbətoğlu, “İki sahil”