Yanvarın 22-də İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidi leytenant Elvin Şükürlünün anım mərasimi olub.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidin məzarı üzərinə tər güllər düzülüb, əklil qoyulub, ruhuna dualar oxunub.
Mərasimdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, Vətən müharibəsi bizim böyük Zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızın hərbi yolla azad edilməsi oldu. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Bu Qələbəni bizlərə yaşadan şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaq.
Milli Məclisin deputatı Pərvanə Vəliyeva çıxışında qeyd edib ki, şəhidlər xalqımızın yaddaşında daim yaşayır və onların qəhrəmanlığı heç vaxt unudulmur. Vətən uğrunda canından keçən qəhrəman oğul və qızlarımız Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında misilsiz fədakarlıq nümunəsi göstəriblər. Bu fədakarlıq xalqımızın tarixində qürur səhifəsi kimi qalmaqla yanaşı, cəmiyyətin milli-mənəvi dəyərlərinin formalaşmasında da mühüm rol oynayır. Şəhidlərin keçdiyi şərəfli yol gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət daşıyır və gələcək nəsillər üçün əsl örnəkdir.
YAP Xətai Rayon təşkilatının sədri Ramil Mirzəyev isə bildirib ki, şəhidlərin göstərdiyi qəhrəmanlıq Azərbaycan xalqının tarixində silinməz iz qoyub. Vətənin müdafiəsi naminə canından keçən igidlərin xatirəsinin yaşadılması hər bir vətəndaşın mənəvi borcudur və onların müqəddəs amal uğrunda apardıqları mübarizə gələcək nəsillər üçün əbədi nümunə olaraq qalacaq. Elvin Şükürlü kimi Vətən oğullarının xatirəsinin yaşadılması dövlətimizin və cəmiyyətimizin qarşısında duran mənəvi borcdur.
Digər çıxış edənlər də bildiriblər ki, Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycan şəhidlərinin qanı və canı bahasına əldə olunub. Bu Qələbə ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü naminə aparılan müqəddəs mübarizənin nəticəsi kimi dəyərləndirilib. Bildirilib ki, Vətən uğrunda canından keçən hər bir şəhid bu Zəfərin memarıdır. Elvin Şükürlü də Vətənə sədaqəti, döyüş meydanında göstərdiyi mərdlik və fədakarlığı ilə bu şanlı Qələbə tarixində öz adını əbədi olaraq yaşadıb. Onun qəhrəmanlığı bu gün gənc nəsil üçün nümunə, xatirəsi isə xalqımız üçün qürur mənbəyidir.
Anım mərasimində 221 saylı tam orta məktəbdə şəhid Elvin Şükürlünün adını daşıyan sinfin şagirdləri də iştirak ediblər. Balaca fidanların dilindən səslənən misralar şəhidin əziz xatirəsinə göstərilən ehtiramın, Vətən sevgisinin və milli yaddaşın canlı ifadəsi kimi qiymətləndirilib.
Anım mərasimi şəhidin xatirəsinə ehtiram əlaməti olaraq məzarı üzərinə gül dəstələrinin düzülməsi və ruhuna duaların oxunması ilə başa çatıb. Bildirilib ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın, o cümlədən Şəhid Elvin Şükürlünün müqəddəs xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq, onların göstərdikləri igidlik və fədakarlıq gələcək nəsillər üçün daim örnək olacaq.
Səbinə Qorxmaz "İki sahil"