22 yanvar 2026 17:33
132

Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Kişi və qadın boksçular arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, tədbir iştirakçı komandaların paradı ilə başlayıb.

Ardınca Dövlət Himni səsləndirilib. Mərasimdə Azərbaycan Boks Federasiyası (ABF) prezidentinin müşaviri Samir Hüseynov bildirib ki, ölkə boksunda son illər böyük nailiyyətlər əldə olunub: “Ötən ilin dekabrında yeni tarix yazıldı. Azərbaycanın 19 yaşlı boksçusu Sübhan Mamedov dünya çempionu tituluna yiyələndi. O, bununla Azərbaycanda deyil, dünyada ən gənc dünya çempionu tituluna sahib oldu. Sevindirici haldır ki, bu il Azərbaycan çempionatında da gənclərdən böyüklər yaş kateqoriyasına bir çox güclü idmançıların keçdiyini görürük. Bu səbəbdən də yarışda böyük rəqabət olacaq. Çempionatın əhəmiyyəti isə ondan ibarətdir ki, artıq Los-Anceles-2028 Yay Olimpiya Oyunları üçün də seçimlərə başlayırıq. Milli komandanın heyəti formalaşmalıdır. Əminəm ki, birgə səyimiz nəticəsində Los-Anceles-2028-də xalqımızı qızıl medallarla sevindirəcəyik”.

S.Hüseynov boksda infrastrukturun güclənməsi istiqamətində ciddi addımlar atıldığını vurğulayıb: “Ötən il Cənub Regional Boks Mərkəzinin açılışı oldu. Bu il isə Gəncə və Naxçıvanda infrastrukturun gücləndirilməsi istiqamətində ciddi işlər görüləcək. Nəticə qazanan boksçularımız arasında da Bakı ilə yanaşı, regionlarda yetişənlər də kifayət qədərdir. Əminik ki, milli komandalarımızın uğurlu çıxışı davam edəcək. Məşqçi və hakimlərin təlimlərinə də xüsusi diqqət ayrılacaq”.

Çempionatın supervayzeri Sid Ali Mokretari (Əlcəzair) Azərbaycan Boks Federasiyasına dəvət üçün təşəkkür edib. O, yarışın yüksək səviyyədə və ədalətli keçməsi üçün inamla çalışacaqlarını deyib.

Mərasimdən sonra yarış açıq elan olunub.

Qeyd edək ki, Boks Mərkəzində keçirilən çempionatda respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 33 komandanın 166 boksçusu mübarizə aparır. Döyüşləri yerli hakimlərlə yanaşı, xarici referilər də idarə edir.

Çempionatda qaliblərin adına yanvarın 28-də aydınlıq gələcək.