Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi və regionlarda birgə fəaliyyətin təşkili məqsədilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə bölgələrdə təşkil olunan festivallarda peşə təhsili müəssisələrinin fəal iştirakı, aqrar sahədə dövlət dəstək mexanizmlərinə həsr olunmuş panel müzakirələrində Agentliyin təmsil olunması, eləcə də regionlarda birgə təşəbbüslərin həyata keçirilməsi məsələləri müzakirə edilib.
Müzakirələr zamanı peşə təhsili alan tələbələrin müasir aqrar texnologiyalar və innovativ yanaşmalarla tanışlığının təmin edilməsi, onların əmək bazarına daha hazırlıqlı şəkildə çıxışının dəstəklənməsi, həmçinin təhsil müəssisələrinin aqrar sektorla inteqrasiyasının gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Xüsusilə regionlarda keçirilən Aqrar Biznes festivallarında peşə təhsili müəssisələrinin iştirakının əhəmiyyəti vurğulanaraq qeyd olunub ki, bu platformalar tələbələrin real iş mühiti ilə erkən mərhələdə əlaqə qurmasına və gələcək məşğulluq imkanlarının genişlənməsinə mühüm töhfə verir.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı bildirib ki, Agentliyin bölgələrdə keçirilən aqrar biznes festivallarında iştirakı mühüm əhəmiyyət daşıyır. Bu cür tədbirlər tələbələrin yeniliklərlə yaxından tanış olması, peşə təhsili müəssisələrinin öz fəaliyyətlərini təqdim etməsi və aqrar sektorda mövcud iş imkanları barədə məlumat əldə etməsi baxımından əhəmiyyətlidir.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov isə qeyd edib ki, regionlarda keçirilən aqrar biznes festivalları dövlət qurumları, təhsil müəssisələri və sahibkarlar arasında əlaqələrin möhkəmləndirilməsi üçün effektiv platformadır. Peşə təhsili müəssisələri ilə qurulan əməkdaşlıq tələbələrin işəgötürənlərlə birbaşa ünsiyyət qurmasına və real sektorun tələblərini daha yaxından tanımasına imkan yaradır.
Görüşün yekununda aqrar sahədə dövlət tərəfindən tətbiq edilən dəstək mexanizmlərinə həsr olunmuş panel müzakirələrində Peşə Təhsili üzrə Dövlət Agentliyinin iştirakının təmin edilməsi, regionlarda birgə tədbirlərin təşkili və əməkdaşlığın mərhələli şəkildə genişləndirilməsi barədə razılıq əldə olunub. Tərəflər gələcək dövrdə birgə layihələrin davamlı icrası istiqamətində əməkdaşlığın gücləndiriləcəyini bildiriblər.