Bu gün Xətai Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının və SOCAR “Neftqaztikinti” trestinin birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoyublar.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, sosial və iqtisadi həyatında fəal iştirak etdiyini vurğulayıb, gənclərə göstərilən dövlət qayğısının Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilən gənclər siyasətinin əsas prioritetlərindən biri olduğunu qeyd edib. O, YAP Xətai rayon təşkilatının, gənclərin ictimai fəallığının artırılması, onların siyasi biliklərinin möhkəmləndirilməsi və milli-mənəvi dəyərlər əsasında formalaşması istiqamətində görülən işlərdən bəhs edib.
Daha sonra çıxış edən Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev gəncləri əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, bu gün Azərbaycan gəncliyi savadı, vətənpərvərliyi və ictimai fəallığı ilə seçilir. O, gənclərin dövlət tərəfindən hərtərəfli dəstəkləndiyini diqqətə çatdırıb. R.Quluyev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində gənclərin mükəmməl təhsil alması, peşəkar kadr kimi formalaşması və cəmiyyətin bütün sahələrində fəal iştirakı üçün geniş imkanlar yaradılıb. O, Xətai rayonunda da gənclərin sosial təşəbbüslərinin dəstəkləndiyini, onların müxtəlif layihə və tədbirlərə cəlb olunmasının daim diqqət mərkəzində saxlanıldığını bildirib.
Millət vəkili Zahid Oruc çıxış edərək Azərbaycan gənclərinin hüquq və azadlıqlarının qorunması, onların cəmiyyətə inteqrasiyası və ictimai fəallığının artırılması istiqamətində həyata keçirilən dövlət siyasətindən danışıb, gənclərin milli-mənəvi dəyərlərə sadiq, eyni zamanda müasir düşüncəli və təşəbbüskar olmasının vacibliyini qeyd edib.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan gəncliyi bu gün dövlətçilik ənənələrinə sadiqliyi, yüksək vətənpərvərlik ruhu və fəallığı ilə seçilir. O, gəncləri daim öz üzərlərində çalışmağa, innovativ düşüncəyə malik olmağa və milli maraqları hər zaman uca tutmağa çağırıb.
Milli Məclisin üzvü Pərvanə Vəliyeva öz çıxışında gənclərin elm, təhsil və innovasiya sahələrində əldə etdikləri nailiyyətlərdən bəhs edib, dövlətin gənclərin inkişafına yönəlmiş proqram və layihələrinin uğurla icra olunduğunu vurğulayıb.
SOCAR “Neftqaztikinti” trestinin müdiri Qağaməli Seyfullayev onları daim təşəbbüskar olmağa, milli-mənəvi dəyərlərə sadiq qalaraq dövlətçiliyimizin möhkəmləndirilməsinə töhfə verməyə çağırıb.
Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xətai rayon sektor müdiri Tural Əhmədli çıxışında vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və gənclərin hərtərəfli inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Tədbirin sonunda ictimai-siyasi həyatda fəallığı ilə seçilən bir qrup gəncə Fəxri fərmanlar təqdim edilib.