Yanvarın 31-də əvvəlki illərdə ümumtəhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydasında aralıq imtahanları keçirilib. İmtahanda əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi və ya tam orta təhsil səviyyəsini bitirə bilməyən şəxslər iştirak ediblər.
“İki sahil” xəbər verir ki, Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunan imtahanda 484 nəfər iştirak edib. Onlar hərəsində 10 sual olmaqla, 11 fənn (Ana dili, ədəbiyyat, kimya, fizika, riyaziyyat, informatika, Azərbaycan tarixi, ümumi tarix, biologiya, coğrafiya və xarici dil) üzrə imtahan veriblər.
Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi və ya tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.
Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.