Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti Patris Motsepe Mərakeşdə keçirilən 2025-ci il Afrika Millətlər Kubokunun finalındakı qalmaqallı hadisələrlə bağlı sükutu pozub.
“İki sahil” xəbər verir ki, qurum rəhbəri finaldan iki həftə sonra rəsmi bəyanat yayıb. O, baş verənlər fonunda dərin məyusluq keçirdiyini bildirib:
"Mən, İcraiyyə Komitəsi və 54 üzv assosiasiyanın prezidentləri Afrika futbolunun bütövlüyünü, nüfuzunu və qlobal rəqabət qabiliyyətini qorumaqda qərarlıyıq. "TotalEnergies" Afrika Millətlər Kubokunun finalında baş verən qəbuledilməz hadisələr məni dərindən məyus etdi".
Motsepe bildirib ki, yanvarın 28-də İntizam Komitəsinin verdiyi qərarları nəzərə alaraq CAF-ın qaydalarına, o cümlədən İntizam Məcəlləsinə yenidən baxılması üçün İcraiyyə Komitəsinin iclasını çağırıb.
Qeyd edək ki, müvafiq addımın atılması gələcəkdə nizamnamənin ciddi şəkildə pozulması və Afrika futbolunun nüfuzuna xələl gətirən davranışlar zamanı məhkəmə orqanlarına daha sərt və çəkindirici sanksiyalar tətbiq etmək səlahiyyəti vermək məqsədi daşıyır.
Xatırladaq ki, Mərakeşin Rabat şəhərində keçirilən final görüşündə Seneqal əlavə vaxtda Pape Qeyenin qolu ilə Mərakeşə 1:0 hesabı ilə qalib gələrək son üç turnirdə ikinci dəfə kuboka sahib çıxıb. Bununla belə, qarşılaşma oyun səviyyəsindən daha çox, hakim qərarları və meydanda baş verən qalmaqallı hadisələrlə gündəmə gəlib.
Belə ki, oyunun 93-cü dəqiqəsində İsmailla Sarrın qolu mübahisəli epizoddan sonra ləğv edilib. Bir neçə dəqiqə sonra VAR-ın müdaxiləsi ilə Mərakeşin xeyrinə penalti təyin olunub. Bu qərar seneqallılarda kəskin etirazlara səbəb olub və baş məşqçi Pap Tiaunun rəhbərliyi ilə futbolçular bir müddət meydanı tərk ediblər. Yalnız kapitan Sadio Manenin müdaxiləsindən sonra komanda oyuna geri dönüb.